TEMU Türkiyədə xaricdən alış-verişi rəsmi olaraq dayandırıb

TEMU Türkiyədə xaricdən alış-verişi

Dünyanın aparıcı elektron ticarət platformalarından biri olan TEMU Türkiyədə yaşayan istifadəçilər üçün xaricdən məhsul sifarişini rəsmi şəkildə məhdudlaşdırıb.

Artıq TEMU-nun mobil tətbiqi və rəsmi internet saytı vasitəsilə sifariş vermək istəyən istifadəçilərə yalnız Türkiyə ərazisində fəaliyyət göstərən və ölkə daxilindən göndəriş həyata keçirən satıcıların məhsulları təqdim olunur. Xaricdə yerləşən, xüsusilə Çin mənşəli satıcıların məhsulları isə platformada türk istifadəçiləri üçün tamamilə gizlədilib.

Şirkət tərəfindən məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, məhdudiyyət qərarının TEMU-nun Türkiyə ofisində bir neçə gün əvvəl keçirilmiş rəsmi yoxlamalardan sonra tətbiq olunması diqqət çəkir.

Məlumata görə, TEMU ilə bağlı problemlər 7 yanvar 2026-cı ildən etibarən başlayıb. Həmin tarixdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı və Rəsmi Qəzetdə dərc edilən fərmanla xaricdən rüsumsuz alış-veriş imkanı ləğv olunub. Sözügedən qərar ölkə ictimaiyyətində geniş rezonans doğurub və milyonlarla vətəndaş tərəfindən tənqid edilib.

Bundan sonra, 21 yanvar 2026-cı ildə Türkiyənin Rəqabət Təşkilatının əməkdaşları TEMU-nun ölkədəki ofislərində yoxlama apararaq çoxsaylı rəqəmsal material və kompüter avadanlıqlarını müsadirə ediblər. Həmin tarixdən etibarən platformanın Türkiyədəki satış fəaliyyətində ciddi məhdudiyyətlər tətbiq olunmağa başlanıb.

Nəticə etibarilə, TEMU tətbiqi vasitəsilə Türkiyə istifadəçilərinin xaricdən, xüsusilə Çindən münasib qiymətlə məhsul sifariş etməsi rəsmi şəkildə dayandırılıb. Hazırda platformaya Türkiyədən daxil olan istifadəçilər yalnız yerli satıcıların təklif etdiyi məhsulları görə bilirlər.

Qeyd edək ki, bu qərarın Türkiyədə elektron ticarət bazarına, istehlakçı davranışlarına və region ölkələri ilə loqistika əlaqələrinə təsiri yaxın dövrdə daha aydın şəkildə müşahidə olunacaq.

Monetar.az