"Wizz Air" böyümə hədəflərini açıqlayıb

"Wizz Air" böyümə hədəflərini

“Wizz Air” geosiyasi gərginlik və yanacaq qiymətlərindəki qeyri-sabitliyi nəzərə alaraq, maliyyə ilinin ikinci yarısı üçün əvvəlcədən planlaşdırdığı daşıma tutumunu 5 faiz azaldıb.

Bu barədə aviaşirkətin Londonda keçirilən Kapital Bazarları Günündə məlumat verilib. Tədbirdə şirkətin dayanıqlı gəlirlilik səviyyəsinə qayıtmaq üçün orta və uzunmüddətli strategiyası da açıqlanıb.

“Wizz Air” ikinci rüb üzrə əlçatan sərnişin-kilometrinə düşən gəlir (RASK) göstəricisi ilə bağlı proqnozunu yaxşılaşdırıb. Şirkət yay mövsümündə gözləntilərdən yüksək gəlir əldə edildiyini bildirərək, RASK göstəricisinin əvvəlki proqnozda nəzərdə tutulan bir neçə faiz bəndlik azalma əvəzinə ötən ilin eyni səviyyəsinə çatacağını gözləyir.

Birinci yarımil üzrə əlçatan sərnişin-kilometrləri və yanacaq xərcləri istisna olmaqla digər xərclərlə bağlı proqnozlar isə dəyişməyib. Aviaşirkətin məlumatına görə, cari kommersiya fəaliyyəti nəticəsində likvidlik səviyyəsi 2,2 milyard avronu ötür. Bununla belə, “Wizz Air” cari maliyyə ili üzrə ümumi maliyyə proqnozu açıqlamayıb.

Şirkət 2030-cu maliyyə ili üçün gəlirlərini 10 milyard avroya çatdırmağı planlaşdırır. Eyni zamanda yanacaq xərcləri nəzərə alınmadan əlçatan sərnişin-kilometrinə düşən xərclərin 3,00 avrosent, EBIT marjasının isə 10 faiz səviyyəsində olmasını hədəfləyir.

“Wizz Air” uzunmüddətli dövrdə balansını investisiya səviyyəsinə çatdırmağı da qarşısına məqsəd qoyub.

Baş icraçı direktor Yojef Varadi bildirib ki, aviaşirkət 335 yeni nəsil “neo” təyyarəsindən ibarət donanmaya malik olmağı və ildə 127 milyon sərnişin daşımağı planlaşdırır.

Şirkətin strategiyası Mərkəzi və Şərqi Avropadakı əsas bazarlarda mövqelərin genişləndirilməsi, yeni istiqamətlərin inkişaf etdirilməsi və donanmanın səmərəliliyinin artırılması üzərində qurulub. Bununla yanaşı, marşrut şəbəkəsinin inkişaf etdirilməsi də əsas prioritetlər sırasında yer alır.

Varadinin sözlərinə görə, “Wizz Air”in əsas üstünlüyü aşağı xərcli biznes modelinə sadiqliyini qoruyaraq müştərilərə xidmət göstərmək imkanından ibarətdir.

MONETAR.AZ