Yaponiya və ABŞ çip zavodunun tikintisini müzakirə edir

Yaponiya və ABŞ çip zavodunun

Yaponiya və ABŞ arasında 550 milyard dollarlıq investisiya sazişi çərçivəsində ABŞ-də yarımkeçiricilər istehsal edəcək iri zavodun tikintisi ilə bağlı danışıqlar aparılır.

“Nikkei” qəzetinin məlumatına görə, layihənin ümumi dəyərinin 2–3 trilyon yen, yəni təxminən 12,9–19,3 milyard dollar təşkil edəcəyi gözlənilir. Nəşr məlumatı hər iki ölkədən adlarının açıqlanmasını istəməyən rəsmilərə istinadən yayıb.

Məlumata əsasən, zavodun operatoru ABŞ-nin “GlobalFoundries Inc” şirkəti olacaq. Layihənin reallaşdırılması ilə bağlı müzakirələr Yaponiya ilə ABŞ arasında daha geniş investisiya və ticarət razılaşmasının icrası çərçivəsində aparılır.

Yaponiya ötən il ABŞ iqtisadiyyatına 550 milyard dollar həcmində sərmayə yatırmağa razılıq verib. Bu razılaşma, digər məsələlərlə yanaşı, Yaponiyanın ABŞ-yə ixracına tətbiq olunan tariflərin azaldılmasını nəzərdə tutan daha geniş sazişin tərkib hissəsidir.

İnvestisiya planı çərçivəsində tərəflər artıq bir sıra iri layihələri də nəzərdən keçirirlər. Onların arasında “SoftBank Group”un iştirakı ilə böyük məlumat emalı mərkəzinin tikintisi də yer alır.

Yarımkeçirici zavodunun tikintisi ilə bağlı danışıqların reallaşması Yaponiya sərmayələrinin ABŞ-nin strateji texnologiya və istehsal sahələrinə yönəldilməsini genişləndirə bilər.

MONETAR.AZ