ABŞ Ticarət Nazirliyi dünən Hindistan, İndoneziya və Laosdan idxal edilən günəş elementləri və panellərinə qarşı ilkin antidempinq rüsumlarının tətbiq olunduğunu açıqlayıb.
Qərar yerli günəş enerjisi istehsalçılarının mövqeyini dəstəkləyir. Araşdırmaya əsasən, bu ölkələrdə fəaliyyət göstərən şirkətlər məhsullarını ABŞ bazarında aşağı qiymətlərlə sataraq yerli istehsalçıların rəqabət qabiliyyətinə zərər vurublar.
İlkin hesablamalara görə, rüsum dərəcələri belə müəyyən edilib:
- Hindistan – 123,04%
- İndoneziya – 35,17%
- Laos – 22,46%
Bu addım son on ildə Asiyadan günəş panelləri idxalına tətbiq olunan tariflər silsiləsinin davamı hesab olunur.
Rəsmi ticarət məlumatlarına görə, ötən il bu üç ölkə ABŞ-a ümumilikdə 4,5 milyard dollar dəyərində günəş panelləri ixrac edib ki, bu da ümumi idxalın təxminən üçdə ikisini təşkil edir.
Rüsumların tətbiqinə səbəb olan müraciət American Alliance for Solar Manufacturing Trade tərəfindən təqdim olunub. Bu alyansa First Solar, Qcells, həmçinin Talon PV və Mission Solar kimi şirkətlər daxildir.
Qeyd edək ki, bu qərar hələlik ilkin xarakter daşıyır və yekun antidempinq qərarı sonrakı mərhələdə qəbul olunacaq.
MONETAR.AZ