Bu gündən 25–60 vattlıq lampalar satışdan çıxarılır

Bu gündən 25–60 vattlıq lampalar

İyulun 1-dən Azərbaycanda müəyyən gücə malik közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edilir.

Məhdudiyyət “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunun tələblərinə əsasən tətbiq olunur. Qadağa dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədi ilə istifadə olunan 25 vattdan (25 vatt daxil olmaqla) 60 vatta qədər gücə malik elektrik közərmə lampalarına şamil edilir.

Qanuna əsasən, istehsal proseslərində istifadə olunan və işıqlandırma məqsədi daşımayan xüsusi təyinatlı lampalar bu məhdudiyyətə daxil deyil.

Qeyd edək ki, 2026-cı il yanvarın 1-dən etibarən 60 vatt və daha yüksək gücə malik közərmə lampalarının idxalı və satışı ilə bağlı da mərhələli məhdudiyyətlər tətbiq olunmağa başlanıb.

Yeni qaydaların əsas məqsədi enerji səmərəliliyinin artırılması və daha qənaətli işıqlandırma texnologiyalarından istifadənin genişləndirilməsidir.