Çin energetika üçün gümüşü rekord sürətlə alır

Çin energetika üçün gümüşü rekord

Çində gümüş idxalı mart ayında tarixi maksimuma çatıb. Bloomberg yazır ki, buna səbəb həm pərakəndə investorların, həm də ölkənin iri günəş enerjisi sənayesinin güclü tələbi olub.

Rəsmi gömrük məlumatlarına görə, dünyanın ən böyük gümüş istehlakçısı olan Çin ötən ay təxminən 836 ton metal idxal edib. Müqayisə üçün, son 10 ildə mart ayı üzrə orta göstərici təxminən 306 ton olub.

Artım iki əsas faktorla izah olunur:

  • Kiçik qızıl külçələrinin bahalaşması fonunda alternativ kimi gümüş alan pərakəndə investorlar
  • İxrac vergi güzəştlərinin 1 apreldən ləğvi ərəfəsində istehsalı artıran günəş paneli istehsalçıları

Günəş energetikası qlobal gümüş təklifinin təxminən beşdə birini istehlak edir və bu sahənin böyük hissəsi məhz Çində cəmləşib.

Analitik Zijie Wu hesab edir ki, idxaldakı bu “partlayış” uzunmüddətli olmayacaq və həcmlər yenidən normaya qayıdacaq. Onun sözlərinə görə, Çin eyni zamanda dünyanın ən böyük gümüş istehsalçısıdır və bazarda davamlı təklif çatışmazlığı yoxdur.

Yüksək daxili tələbat Çində gümüş qiymətlərini beynəlxalq göstəricilərdən xeyli yuxarı qaldırıb. Bu isə treyderləri arbitraj imkanlarından yararlanmaq üçün dünyanın müxtəlif yerlərindən metal tədarük etməyə təşviq edib. İdxalın böyük hissəsi Honq Konq üzərindən həyata keçirilib.

Qızıl və gümüş qiymətləri yanvar ayında əldə olunan rekord səviyyələrdən geri çəkilib. İran ilə bağlı müharibənin yaratdığı enerji böhranı inflyasiya narahatlıqlarını artıraraq qiymətli metallara təzyiq göstərib.

Eyni zamanda, adətən qiymət artımını izləyən pərakəndə investor tələbi də son dövrdə zəifləyib.

MONETAR.AZ