Küveyt xam neft və neft məhsullarının tədarükü üzrə fors-major elan edib, çünki Hörmüz boğazının blokadası müştərilərlə bağlanmış öhdəliklərin yerinə yetirilməsini qeyri-mümkün edib. Bu barədə “Bloomberg” məlumat yayıb.
Küveyt Dövlət Neft Şirkəti (Kuwait Petroleum Corp.) müştərilərə göndərdiyi bildirişdə qeyd edib ki, müqavilələrdə nəzərdə tutulan və tədarükçüyə çatdırmanı ləğv etməyə və ya təxirə salmağa imkan verən fors-major bəndi tətbiq olunur. “Bloomberg News”un əldə etdiyi sənədə əsasən, bu addım tədarüklərin tam dayanması demək deyil. Bunu vəziyyəti bilən mənbə də təsdiqləyib.
İrandakı müharibə Hörmüz boğazından demək olar ki, tam hərəkətin dayanmasına səbəb olub. Bu isə regionda neft anbarlarının dolmasına, dünya neft bazarlarında ciddi sarsıntılara gətirib çıxarıb.
Region ölkələri boğazın bağlanması və İran hücumları səbəbilə neft, qaz hasilatını və neft məhsulları istehsalını azaltmağa məcbur qalıb. ABŞ administrasiyası bu ayın əvvəlində bildirmişdi ki, aprel ayında gündəlik 9 milyon bareldən çox neft hasilatı dayandırıla bilər.
Küveyt neft infrastrukturuna bir neçə dəfə zərbə alıb və hazırda hasilat 1990-cı illərin əvvəllərindəki səviyyəyə düşüb. Döyüşlərin səngiməsindən sonra tam bərpa üçün vaxt tələb olunacaq ki, bu da ixracata uzunmüddətli təsir ehtimalını artırır.
Küveyt rəsmiləri isə bildiriblər ki, münaqişə bitdikdən sonra bir neçə ay ərzində hasilatı müharibədən əvvəlki səviyyəyə qaytara biləcəklərinə ümid edirlər.