Çinin Ticarət Nazirliyi və Elm və Texnologiya Nazirliyi günəş enerjisi texnologiyalarının ixracına nəzarətin gücləndirilməsini təklif edib. Ölkənin ixracına qadağa və ya məhdudiyyət qoyulan texnologiyalar kataloqunun yenilənməsi çərçivəsində irəli sürülən təşəbbüs fotovoltaik (PV) sistemlərin istehsalı ilə bağlı 12 texnologiyanı əhatə edir. Sənəddə süni intellekt və biotexnologiya da daxil olmaqla, ümumilikdə 40 strateji texnologiya üzrə dəyişikliklər nəzərdə tutulur.
Pekin bu addımı milli təhlükəsizlik mülahizələri ilə əsaslandırır. Çin hakimiyyətinin mövqeyinə görə, günəş enerjisi texnologiyaları aerokosmik sənaye və müdafiə sektoru kimi strateji əhəmiyyətli sahələrdə də istifadə olunur.
Təklif olunan dəyişikliklər bəzi texnologiyaların ixracının tam qadağan edilməsini, digərlərinin isə xüsusi lisenziya əsasında ixracına icazə verilməsini nəzərdə tutur.
İxracına qadağa qoyulması təklif edilən texnologiyalar arasında nazik silisium lövhələrinin, perovskit və tandem günəş elementlərinin istehsalı üsulları yer alır. Bundan başqa, dənəvər polisilisiumun istehsalında istifadə olunan mayeləşdirilmiş yataqlı reaktor (FBR) texnologiyasının ixracına da məhdudiyyət nəzərdə tutulur. Bu üsul polisilisium istehsalında alternativ texnologiyalardan biri hesab edilir.
Xüsusi lisenziya tələb olunacaq texnologiyalar sırasına isə yüksək effektivlikli günəş elementlərinin istehsalı üsulları, o cümlədən TOPCon, HJT və XBC sistemləri daxildir. Bu texnologiyalar günəş panellərinin səmərəliliyinin artırılması baxımından sənaye üçün əhəmiyyət daşıyır.
Təklif olunan məhdudiyyətlər qlobal günəş enerjisi sənayesində istehsal zəncirlərinə və texnologiya transferinə təsir göstərə bilər. Xüsusilə ABŞ-da yerli istehsal imkanlarını genişləndirməyə çalışan şirkətlər, o cümlədən “Tesla”, Çin texnologiyalarından istifadənin gələcək şərtlərini yenidən qiymətləndirməli ola bilər.
Dəyişikliklər günəş paneli istehsalını inkişaf etdirməyə və idxaldan asılılığı azaltmağa çalışan Hindistan üçün də əlavə çətinliklər yarada bilər. Çin texnologiyalarına çıxışın məhdudlaşdırılması xarici şirkətlərin istehsal müəssisələri qurmaq və qabaqcıl istehsal üsullarını əldə etmək imkanlarına təsir edə bilər.
Məlumata görə, kataloqun yenilənməsi ilə bağlı ictimai müzakirələr noyabrın 15-dək davam edəcək. Sənəd yekun təsdiq olunacağı təqdirdə, Çin texnologiyaları və patentlərindən istifadə etməklə xaricdə günəş paneli zavodları qurmaq istəyən şirkətlər üçün ixrac qaydaları və texnologiya transferi ilə bağlı tələblər daha mühüm əhəmiyyət kəsb edəcək.
MONETAR.AZ