Venesuela neft sektorunu bərpa rtmək üçün ABŞ-dan investisiya gözləyir

Venesuela neft sektorunu bərpa rtmək üçün ABŞ-dan

Venesuelanın prezidenti vəzifəsini icra edən Delsi Rodriqes ölkənin qarşıdakı beş il ərzində neft sənayesinə təxminən 76 milyard dollar xarici investisiya cəlb etməyi planlaşdırdığını açıqlayıb. O, bu barədə milli televiziyada çıxışı zamanı məlumat verib.

Rodriqesin sözlərinə görə, investisiya planı ABŞ ilə imzalanmış ikitərəfli sazişləri və beynəlxalq enerji şirkətləri ilə əməkdaşlıq müqavilələrini əhatə edən, ümumilikdə 61 müqavilədən ibarət geniş paketin tərkib hissəsidir. Təşəbbüs ölkənin enerji sektorunun yenidən qurulmasını, hasilat imkanlarının genişləndirilməsini və mövcud infrastrukturun yenilənməsini nəzərdə tutur.

ABŞ ilə əldə edilmiş razılaşmanın 17 neft yatağını əhatə etdiyi və Venesuelada 250 yeni qazma qurğusunun istismara verilməsini nəzərdə tutduğu bildirilir. Enerji sektorunun xarici investisiyalar üçün daha əlçatan olması ölkənin siyasi və iqtisadi şəraitində baş verən dəyişikliklərlə əlaqələndirilir. Təşəbbüslər ABŞ Prezidenti Donald Tramp administrasiyası tərəfindən də dəstəklənir.

Dünyanın ən böyük təsdiqlənmiş neft ehtiyatlarına malik ölkələrindən biri olan Venesuela uzun illər ərzində investisiya çatışmazlığı, dövlətə məxsus PDVSA şirkətindəki idarəetmə problemləri və ABŞ sanksiyaları səbəbindən hasilatın azalması ilə üzləşib. Yeni investisiya planı bu çətinliklərin aradan qaldırılmasına və ölkənin neft sənayesinin bərpasına yönəlib.

İlkin nəticələrin əsas neft-qaz bölgələrindən biri olan Sulia (Zulia) əyalətində müşahidə edildiyi bildirilir. Məlumata görə, burada gündəlik neft hasilatı 70 min bareldən 370 min barelə yüksəlib. Venesuela hökuməti 2026-cı ilin sonuna qədər əyalətdə gündəlik hasilatı 400 min barelə çatdırmağı hədəfləyir.

Planlaşdırılan investisiyaların reallaşması Venesuelanın köhnəlmiş neft infrastrukturunun yenilənməsinə, qazma işlərinin genişləndirilməsinə və hasilat gücünün artırılmasına şərait yarada bilər. Xarici kapitalın davamlılığı və müqavilələrin icrası təmin olunarsa, ölkənin dünya bazarına çıxardığı neftin həcmi uzunmüddətli perspektivdə arta bilər.

Venesuela neftinin qlobal bazara daha böyük həcmdə qayıtması dünya üzrə təklifi artıraraq qiymətlərə aşağı istiqamətdə təzyiq göstərə bilər. Bununla belə, nəticə investisiyaların faktiki həcminin, infrastruktur layihələrinin icra sürətinin və hasilatın artım tempinin necə olacağından asılıdır.

MONETAR.AZ