İtaliya Qətərdən mayeləşdirilmiş təbii qaz (LNG) tədarükündə yaranan fasilələr fonunda alternativ mənbələr axtarır. Bu məqsədlə ölkə ABŞ, Azərbaycan və Əlcəzair daxil olmaqla bir sıra dövlətlərlə danışıqlar aparır. Bu barədə İtaliyanın energetika naziri Cilberto Piketto Fratin Reuters agentliyinə bildirib.
Nazirin sözlərinə görə, İranın Qətərin qaz infrastrukturuna endirdiyi zərbələr ciddi fasilələrə səbəb olub.
“Artıq fəaliyyətini dayandırmış LNG zavodunun da bombardman olunması qiymətlərə dağıdıcı təsir göstərdi”, deyə nazir qeyd edib.
O həmçinin vurğulayıb ki, mövcud çətinliklərə baxmayaraq, İtaliya Avropa İttifaqı ilə birlikdə Rusiyadan qaz idxalına qayıtmağı planlaşdırmır.
QatarEnergy məlumatına əsasən, hücumlar nəticəsində ölkənin LNG ixrac gücünün təxminən 17%-i sıradan çıxıb. Bu isə ildə təxminən 20 milyard dollar itkiyə və Avropa ilə Asiyaya qaz tədarükü üçün ciddi risklərə səbəb ola bilər.