Dünya bazarında xam neftin qiyməti cümə axşamı sessiya ərzində 93 dollardan 91 dollara qədər geriləyib.
Monetar.az xəbər verir ki, neftin ucuzlaşmasına ABŞ Prezidenti Donald Trampın İrana yaxın zamanda zərbə endirilməsi ehtimalını azaltması təsir edib.
Tramp Tehranla aparılan danışıqların müsbət nəticələr verdiyini bildirib və ABŞ-ın gələn ay keçiriləcək aralıq seçkilərindən əvvəl İrana zərbə endirməyəcəyinə dair siqnal verib.
Bununla belə, neftin qiyməti əvvəlki gün qeydə alınan bir aylıq minimumdan xeyli yüksək olaraq qalır. Fars körfəzində neft yüklü tankerlərə hücumlar Körfəz ölkələrindən ixracın bərpasına mane olub.
Digər tərəfdən, Meksika körfəzində yaranan təchizat problemləri də neft qiymətlərinə dəstək verir. “Chevron” və “Shell” tropik fırtınanın yaxınlaşması səbəbindən hasilatı azaltmağa və dəniz platformalarındakı əməkdaşlarını təxliyə etməyə başlayıb.
Məlumata görə, çərşənbə gününə ABŞ-ın Meksika körfəzindəki neft hasilatının 25,1%-i, təbii qaz hasilatının isə 16,4%-i dayandırılıb.
ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) əvvəlki məlumatları isə ölkənin Strateji Neft Ehtiyatlarının daha da azalaraq son bir neçə onilliyin ən aşağı səviyyələrinə yaxınlaşdığını göstərib.