Almaniya fövqəladə ehtiyatlarından 15 milyon barelədək xam neft və neft məhsulunu bazara çıxarmağı planlaşdırır. Qərar “Böyük Yeddilik” (G7) ölkələrinin ümumilikdə 100 milyon barel xam neft və dizel yanacağının ehtiyatlardan istifadəyə verilməsi barədə razılaşması çərçivəsində qəbul edilib.
Monetar.az xəbər verir ki, Almaniyanın İqtisadiyyat Nazirliyi bu barədə bu gün məlumat yayıb.
Ölkənin iqtisadiyyat naziri Katarina Rayxe “Reuters” agentliyinə açıqlamasında bildirib ki, ehtiyatların bazara çıxarılmasına əvvəlcə dizel yanacağı və mazutdan başlanacaq. Növbəti mərhələdə isə xam neft ehtiyatlarından istifadə olunacaq.
Nazirin sözlərinə görə, Almaniya G7 çərçivəsində üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirəcək. O, enerji təchizatında yalnız xam neftin mövcudluğunun kifayət etmədiyini vurğulayaraq, bütün tədarük zəncirinin nəzərə alınmasının vacibliyini qeyd edib.
ABŞ fövqəladə dizel ehtiyatlarının azaldılması üçün Avropa İttifaqına təzyiq göstərilməsi istiqamətində təşəbbüsə rəhbərlik edib. Tramp administrasiyası xəbərdarlıq edib ki, bu məsələdə tədbir görülməməsi ABŞ-ın dizel yanacağı ixracına qadağa qoyması ilə nəticələnə bilər.
Rayxe, həmçinin Almaniyanın neft emalı zavodlarının ölkənin enerji təhlükəsizliyində mühüm strateji əhəmiyyət daşıdığını bildirib.