Avropa İttifaqı (Aİ) və Çin hibrid avtomobillərin ticarəti ilə bağlı danışıqların növbəti mərhələsində qarşılıqlı anlaşmaya nail olublar. Tərəflər bununla yanaşı, Çin elektromobillərinə dair araşdırma çərçivəsində qiymət öhdəlikləri və yoxlama prosedurları üzrə müzakirələri davam etdirəcəklər.
Bu barədə Çinin Ticarət Nazirliyinin cümə günü yaydığı bəyanatda bildirilib.
Razılaşmanın konkret şərtləri açıqlanmayıb. Çin tərəfi əldə olunan anlaşmanın Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarına tam uyğun olduğunu vurğulayıb.
Pekində keçirilən son danışıqlardan əvvəl mediada Aİ rəsmilərinin Çin istehsalı olan hibrid avtomobillərin ittifaq ərazisinə idxalına kvotalar tətbiq etmək imkanını nəzərdən keçirdiyi barədə məlumatlar yayılmışdı. Bildirilirdi ki, Brüssel Pekini hibrid avtomobillərin ixracını könüllü şəkildə məhdudlaşdırmağa çağırıb. Əks halda, idxal məhdudiyyətləri də daxil olmaqla, qoruyucu tədbirlərin görülə biləcəyi barədə xəbərdarlıq edilib.
Çinin ticarət naziri Van Ventao və Baş nazirin müavini Xe Lifen ilə görüşən Aİ-nin ticarət komissarı Maroş Şefçoviç gələn həftə danışıqların nəticələri barədə ittifaq liderlərinə məlumat verəcək.
Son dövrlərdə Avropa rəsmilərinin açıqlamaları Aİ-nin Çinlə ticarət münasibətlərində yaranmış disbalansın aradan qaldırılmasına daha çox diqqət yetirdiyini göstərir.
Sentyabr ayında Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Aİ-nin Çinlə mal ticarətində kəsirin 2025-ci ildə gündəlik 1 milyard avroya çatmasını mühüm dönüş nöqtəsi adlandırıb. O, Avropanın ticarət balansını bərpa etmək üçün mövcud vasitələrdən fəal istifadə edəcəyini bildirib.
Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Merts də Çinin Aİ-nin vahid bazarına çıxışını məhdudlaşdıra biləcək yeni sürətli reaksiya mexanizminin yaradılmasını təklif ediblər.
“Bank of America”nın (BofA) Çin üzrə baş iqtisadçısı Benson Vu müştərilər üçün hazırladığı analitik qeyddə Aİ-nin Pekinə qarşı ticarət və iqtisadi məsələlərdə daha sərt mövqeyə tədricən keçdiyini qeyd edib.
Bununla belə, iqtisadçı fon der Lyayenin açıqlamalarını həddindən artıq şərh etməməyə çağırıb. Onun fikrincə, bu bəyanatlar Brüsselin ticarət disbalansı və artıq istehsal gücləri ilə bağlı uzun müddətdir mövcud olan narahatlıqlarını əks etdirir.
Vu xüsusilə Almaniya və Fransadan gələn daha sərt mesajlara diqqət çəkib. Onun sözlərinə görə, iqtisadi təhlükəsizlik, sənaye rəqabətqabiliyyətliliyi və bazarlara qarşılıqlı çıxış məsələlərinin ön plana keçməsi Avropanın iki ən böyük iqtisadiyyatının Çinlə ticarət və investisiya münasibətlərində mövcud vəziyyətə əvvəlkindən daha az dözümlü yanaşdığını göstərir.
Bununla yanaşı, Benson Vu Aİ-nin yaxın vaxtlarda yeni ticarət məhdudiyyəti mexanizmini tətbiq etməsi ehtimalını nisbətən aşağı qiymətləndirib. İqtisadçı xatırladıb ki, bu cür alətlərin ittifaq səviyyəsində işə salınması, adətən, uzunmüddətli danışıqlar və üzv dövlətlər arasında konsensus tələb edir.
Ekspert mövcud müzakirələri Çinin Aİ bazarına çıxışının tezliklə məhdudlaşdırılacağının göstəricisi kimi deyil, Brüsselin Pekinlə dialoqda mövqelərini gücləndirməyə yönəlmiş danışıqlar taktikası kimi dəyərləndirib.
MONETAR.AZ