Hindistanın neft emalı zavodları noyabr tədarüklü Rusiya neftinin alışını kəskin şəkildə azaldıb. “Bloomberg”in məsələdən xəbərdar mənbələrə istinadən yaydığı məlumata görə, buna əsas səbəb Rusiya neftinin bahalaşması və Yaxın Şərqdən alternativ tədarüklərin əlçatan olmasıdır.
Mənbələrin bildirdiyinə görə, xüsusilə Hindistan emalçılarının böyük ölçüdə asılı olduğu Baltik dənizi limanlarından yüklənən “Urals” neftinin qiymətinin kəskin artması alışların azalmasında əsas rol oynayıb. Beləliklə, iqtisadi səmərəlilik amili ABŞ-ın Hindistanı Rusiya neftindən imtina etməyə yönəltmək cəhdlərindən daha təsirli olub.
Hazırda Rusiya nefti “Dated Brent” etalonuna nisbətən bir barel üçün 10 dollardan çox mükafatla təklif edilir. Halbuki əvvəllər bu neft böyük endirimlərlə satılırdı. Nəticədə Rusiya nefti Yaxın Şərq markaları ilə demək olar ki, eyni qiymətə başa gəlir və Hindistan emalçıları Fars körfəzi ölkələrindən tədarükə üstünlük verməyə başlayıblar.
Rusiya neftinin bir hissəsi isə Çinin müstəqil neft emalı zavodlarına yönəldilir.
Dünyanın üçüncü ən böyük neft idxalçısı olan Hindistan daha əvvəl də ABŞ-ın genişmiqyaslı sanksiya qanunvericiliyinin mümkün cəza rüsumları yaratdığı risklər fonunda Rusiyadan alışları azaltmışdı.
“Kpler”in məlumatına görə, Rusiyanın Hindistanın neft idxalındakı payı iyulda 56 faizdən sentyabrda təxminən 35 faizə düşüb. “Bloomberg”in tanker izləmə məlumatlarına əsasən, oktyabrın 4-dək olan dörd həftə ərzində Rusiyadan Hindistana gündəlik neft tədarükü orta hesabla cəmi 310 min barel təşkil edib. Bu, 2022-ci ilin martından bəri ən aşağı göstəricidir.
Bununla belə, mənbələr bildirirlər ki, Nyu-Dehli ABŞ-ın rüsum tətbiqi riski ilə əlaqədar yerli neft emalı zavodlarına Rusiya neftinin idxalını azaltmaq barədə rəsmi göstəriş verməyib.
Eyni zamanda, Hörmüz boğazından tankerlərin keçidinin artması Yaxın Şərqdən neft tədarükünün yüksəlməsinə imkan verib. “Shell” şirkətinin baş icraçı direktoru Vael Savanın sözlərinə görə, bölgədən daşınma həcmləri müharibədən əvvəlki səviyyənin təxminən 80 faizinə qədər bərpa olunub.
Fars körfəzi neftinin Hindistan üçün üstünlüklərindən biri daha qısa logistika marşrutu və nisbətən aşağı yükdaşıma xərcləridir. Fraxt tariflərinin yüksək olduğu hazırkı şəraitdə bu amil tədarükçü seçiminə təsir göstərir.
Hindistan və Çin 2022-ci ildə Ukraynadakı münaqişədən sonra Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların Avropaya neft ixracını məhdudlaşdırmasının ardınca Rusiya neftinin əsas alıcılarına çevrilmişdi.
Hindistanın yenidən Yaxın Şərq neftinə yönəlməsi isə Asiya neft emalı zavodlarının ilin son ayları üçün xammal tədarükünü təmin etdiyi bir vaxtda Fars körfəzi neftinə olan rəqabəti daha da gücləndirə bilər.
MONETAR.AZ