Çin “Qızıl həftə” bayramları ilə əlaqədar yaranan müvəqqəti fasilədən sonra oktyabr ayında neft məhsullarının ixracını bərpa etməyə hazırlaşır. “Reuters” agentliyinin məsələ ilə tanış olan dörd treyderə istinadən yaydığı məlumata görə, Pekin dizel yanacağı, benzin və aviasiya kerosini üzrə ümumilikdə təxminən 3,7 milyon metrik ton ixrac kvotasını təsdiqləyib.
Çin mart ayından etibarən daxili yanacaq ehtiyatlarını qorumaq məqsədilə neft məhsullarının ixracını məhdudlaşdırmışdı. Buna İranla müharibənin xam neft tədarükünə və neft emalı zavodlarının fəaliyyətinə təsiri səbəb olmuşdu. İyul-sentyabr aylarında isə məhdudiyyətlər qismən yumşaldılmışdı.
Pekin neft məhsullarının xarici bazarlara satışını ənənəvi olaraq ixrac kvotaları vasitəsilə tənzimləyir. Son dövrdə isə Çin daşımaların aylıq monitorinqini gücləndirərək ixrac həcmlərinə nəzarəti sərtləşdirib.
Çinin ixracı bərpa etməsi qlobal yanacaq bazarlarında təklifin artmasına və mövcud gərginliyin azalmasına kömək edə bilər. Xüsusilə dizel, benzin və aviasiya yanacağı üzrə əlavə tədarüklər beynəlxalq bazarlarda qiymət təzyiqinin zəifləməsinə şərait yarada bilər.
MONETAR.AZ