“Shell Plc” şirkətinin baş icraçı direktoru Vael Savan Yaxın Şərqdən neft tədarükünün münaqişə başlamazdan əvvəlki səviyyənin təxminən 80 faizinə qədər bərpa olunduğunu bildirib.
Savan Londonda keçirilən “Energy Intelligence Forum”unda çıxışı zamanı qeyd edib ki, regionda davam edən gərginliyə baxmayaraq, mövcud tədarük həcmləri Yaxın Şərq ölkələrinin dünya bazarları qarşısındakı öhdəliklərini yerinə yetirmək imkanını göstərir.
Böyük bankların və dəniz daşımaları üzrə ixtisaslaşmış analitik şirkətlərin məlumatları da neft axınının müharibədən əvvəlki səviyyələrə yaxınlaşdığını göstərir. Bununla belə, dəqiq həcmləri müəyyənləşdirmək çətindir. Gəmilərin Hörmüz boğazı və Qırmızı dənizin bəzi hissələrindən keçərkən peyk siqnallarını tez-tez söndürməsi yüklərin izlənilməsini çətinləşdirir.
Savan İranla müharibənin enerji təhlükəsizliyi məsələsini yenidən qlobal gündəmə gətirdiyini vurğulayıb.
Ötən həftə “Böyük Yeddilik” (G7) ölkələri strateji ehtiyatlardan 100 milyon barelə qədər neftin bazara çıxarılması planını açıqlayıb. Yaxın Şərq neft istehsalçıları isə ixrac marşrutlarını şaxələndirmək məqsədilə yeni boru kəməri layihələrini nəzərdən keçirirlər.
“Shell” rəhbəri xəbərdarlıq edib ki, münaqişənin uzanması neft bazarında tədarük kəsintilərinin idarə olunmasını daha da çətinləşdirə bilər. Hörmüz boğazından keçən neft həcmləri artsa da, axınlar hələ əvvəlki normal səviyyəyə qayıtmayıb.
Mövcud vəziyyətin mənfi təsirləri qismən Çində neft tələbatının azalması və digər regionlarda hasilatın artması hesabına kompensasiya olunur.
Savanın sözlərinə görə, böhranın ən ağır nəticələrinin qarşısını müəyyən qədər almaq mümkün olub, lakin mövcud vəziyyətin uzun müddət davam etdirilməsi mümkün deyil. Onun fikrincə, əks halda yeni tədarük kəsintilərinin yaranması qaçılmaz ola bilər.
MONETAR.AZ