İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyinin birgə hazırladığı “Türk iqtisadi icmalı”nın 2026-cı ilin yanvar-iyun aylarını əhatə edən ikinci buraxılışı nəşr olunub. Səkkiz dildə təqdim edilən hesabatda türk dövlətlərinin iqtisadi göstəriciləri, ticarət əlaqələri və investisiya dinamikası təhlil edilib.
Bu barədə İİTKM-dən AZƏRTAC-a məlumat verilib.
İİTKM-nin Türk Dünyası Araşdırmalar Mərkəzinin hazırladığı icmal Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın, eləcə də müşahidəçi üzvlər Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının (ŞKTR) iqtisadi göstəricilərini əhatə edir.
Hesabata əsasən, 2026-cı ilin birinci yarısında türk dövlətlərinin ümumi ÜDM-i 1,33 trilyon dollar təşkil edib. Bu, dünya iqtisadiyyatının 2,11%-nə bərabərdir. Sözügedən ölkələrin ümumi əhalisi isə 178,8 milyon nəfərə çataraq qlobal əhalinin təxminən 2,8%-ni təşkil edib.
Hesabat dövründə türk dövlətlərinin məcmu ÜDM artımı 5,86% olub. Bu göstərici hesabatda qeyd edilən 1,51%-lik qlobal artım tempini üstələyib.
Ölkələr üzrə iqtisadi artım göstəriciləri belə olub:
- Qırğızıstan – 11,9%;
- Özbəkistan – 8,5%;
- Türkmənistan – 6,3%;
- ŞKTR – 6%;
- Qazaxıstan – 4,1%;
- Türkiyə – 2,5%;
- Azərbaycan – 0,8%.
Türkiyə təşkilatın ən böyük iqtisadiyyatı olaraq qalır. Bununla yanaşı, Qırğızıstan və Özbəkistanda qeydə alınan yüksək artım regionda iqtisadi fəallığın ölkələr üzrə fərqli templərlə inkişaf etdiyini göstərir.
2026-cı ilin ilk altı ayında TDT ölkələrinin ümumi ticarət dövriyyəsi təxminən 679,7 milyard dollar təşkil edib. Bu, 18,96 trilyon dollar həcmində qiymətləndirilən qlobal ticarətin 3,58%-nə bərabərdir.
İcmalda ölkələr üzrə ticarət dövriyyəsi aşağıdakı kimi göstərilib:
- Türkiyə – 325,036 milyard dollar;
- Macarıstan – 187,905 milyard dollar;
- Qazaxıstan – 71,7918 milyard dollar;
- Özbəkistan – 41,0112 milyard dollar;
- Azərbaycan – 26,0542 milyard dollar.
Hesabatda türk dövlətlərində kənd təsərrüfatı və sənaye sahələrində ixrac artımının müşahidə olunduğu da vurğulanır. Bununla belə, ölkələr arasında ticarət dinamikası və iqtisadi inkişaf templəri fərqlənir.
Sənaye sektorunda ən yüksək artım Qırğızıstan və Özbəkistanda qeydə alınıb. Bu ölkələrdə müvafiq göstəricilər 12,7% və 8% təşkil edib. ŞKTR-də sənaye artımı 6,7%, Qazaxıstanda 3,3%, Türkmənistanda 2,7%, Macarıstanda isə 2,1% olub.
Kənd təsərrüfatında ən yüksək artım Türkiyədə qeydə alınıb – 10%. Digər ölkələr üzrə göstəricilər belədir:
- ŞKTR – 6,2%;
- Özbəkistan – 4,7%;
- Qazaxıstan – 4,4%;
- Qırğızıstan – 4,3%;
- Azərbaycan – 2,2%;
- Türkmənistan – 2%.
Bu göstəricilər region ölkələrinin sənaye və kənd təsərrüfatı sahələrində fərqli inkişaf istiqamətlərinə malik olduğunu göstərir.
İcmalda uzunmüddətli iqtisadi artımın mühüm göstəricilərindən biri olan sabit kapitala investisiyalara da yer verilib.
2026-cı ilin birinci yarısında sabit kapital investisiyalarının artımı Qırğızıstanda 64,3%, ŞKTR-də 43,77% təşkil edib. Digər ölkələr üzrə göstəricilər aşağıdakı kimi olub:
- Özbəkistan – 17,5%;
- Azərbaycan – 13,8%;
- Qazaxıstan – 9,6%;
- Macarıstan – 7,4%.
Hesabatda bu artımın infrastruktur, enerji və istehsal sahələrinə yönəldilən investisiyalarla əlaqəli olduğu qeyd edilir.
Hesabat dövründə bank sektorunun ümumi aktivləri Qırğızıstanda 55,9%, ŞKTR-də 38,81%, Türkiyədə 32,9%, Özbəkistanda 25,7%, Qazaxıstanda 14,4%, Macarıstanda 10,2% artıb. Azərbaycanda isə bank sektorunun aktivlərinin artımı 7,4% təşkil edib.
İcmalda bu göstəricilər maliyyə xidmətlərinin genişlənməsi və investisiya fəaliyyətinin dəstəklənməsi ilə əlaqələndirilir.
Dövlət maliyyəsi üzrə göstəricilər də hesabatın əsas istiqamətlərindən biri olub. Özbəkistanda dövlət büdcəsinin gəlirləri 43,7%, xərcləri 51,5% artıb. Qırğızıstanda gəlirlər üzrə artım 48,8%, xərclər üzrə 41,3% təşkil edib.
ŞKTR-də büdcə gəlirləri 40,75%, xərcləri 34,66%, Türkiyədə isə müvafiq olaraq 39,4% və 31,8% artıb. Qazaxıstan və Macarıstanda da büdcə gəlirləri və xərclərində artım qeydə alınıb.
Ümumilikdə, “Türk iqtisadi icmalı”nın 2026-cı ilin birinci yarısına dair buraxılışı TDT ölkələrinin iqtisadi artım, ticarət, investisiya və maliyyə sektorları üzrə göstəricilərini bir araya gətirir. Hesabat bu ölkələrin qlobal iqtisadiyyatdakı mövqeyini və regiondaxili iqtisadi əlaqələrin dinamikasını qiymətləndirmək üçün məlumat bazası təqdim edir.
