2026-cı ildə dünyada 112 milyon hektardan çox ərazi yanıb

2026-cı ildə dünyada 112 milyon hektardan

2026-cı il avqustun 1-nə qədər dünyada meşə və landşaft yanğınları nəticəsində 112,3 milyon hektar ərazi yanıb. Bu, təxminən Cənubi Afrikanın ərazisinə bərabər sahədir.

Monetar.az xəbər verir ki, Global Wildfire Information System (GWIS) məlumatlarına əsasən, yanğınlardan ən çox zərər görən region Afrika olub. Qitədə 61,9 milyon hektar ərazi yanıb ki, bu da dünyada qeydə alınan ümumi yanmış sahənin 55,1 faizini təşkil edir.

Ölkələr üzrə siyahıya Konqo Demokratik Respublikası başçılıq edir. Ölkədə ilin əvvəlindən avqustun 1-dək 13,6 milyon hektar ərazi yanıb. Bu göstərici dünya üzrə yanmış ümumi ərazinin 12,1 faizinə bərabərdir.

İkinci yerdə 11,8 milyon hektarla Avstraliya qərarlaşıb. Anqolada 7,5 milyon, Cənubi Sudanda 7 milyon, Mərkəzi Afrika Respublikasında isə 6 milyon hektar ərazi yanıb.

İlk 10-luqda həmçinin Myanma (4,3 milyon hektar), Hindistan (4 milyon), Rusiya (3,3 milyon), Qvineya (3,3 milyon) və Zambiya (3,2 milyon) yer alıb.

Asiyada 19,7 milyon hektar ərazi yanıb. Cənubi Amerikanın payına 7,8 milyon, Şimali Amerikanın payına 6,8 milyon, Avropanın payına isə 4 milyon hektara yaxın yanmış ərazi düşüb.

Məlumatlara görə, ABŞ-da avqustun 1-nə qədər 2,4 milyon hektar ərazi yanıb. Ölkədə xüsusilə Oreqon və Vaşinqton ştatlarında genişmiqyaslı yanğınlar müşahidə olunur. Kanadada isə yanmış ərazilərin sahəsi 2 milyon hektara çatıb.

İspaniyada da 2026-cı ilin yanğın mövsümü ağır keçir. Güclü istilər və quraqlıq fonunda avqustun 1-nə qədər ölkədə təxminən 180 min hektar ərazi yanıb.

Bununla belə, GWIS məlumatlarında kənd təsərrüfatı və nəzarətli yanğınların da nəzərə alındığı bildirilir. Buna görə ümumi yanmış ərazi göstəricisi yalnız nəzarətsiz meşə yanğınlarının miqyasını əks etdirmir.

Regionlar üzrə ən böyük göstərici Afrikada qeydə alınıb. Qitənin ardınca Asiya 17,6 faiz, Okeaniya 10,7 faiz, Cənubi Amerika 7 faiz, Şimali Amerika 6,1 faiz, Avropa isə 3,6 faiz payla qərarlaşıb.