Tramp xarici dronların idxalına yüksək tariflər tətbiq edib

Tramp xarici dronların idxalına yüksək tariflər

ABŞ Prezidenti Donald Tramp pilotsuz uçuş aparatları və onların əsas komponentlərinin idxalına yeni tariflər tətbiq edən fərman imzalayıb. Ağ Ev bu addımın məqsədinin xarici təchizatçılardan asılılığı azaltmaq, milli təhlükəsizliyi gücləndirmək və ölkədaxili istehsalı sürətləndirmək olduğunu bildirib.

Yeni qaydalara əsasən, maksimal qalxma kütləsi 25 kiloqramdan çox olan və ya termal kameralarla təchiz edilmiş sənaye və hərbi təyinatlı dronlara 100%-lik gömrük rüsumu tətbiq ediləcək. Eyni tarif bəzi dok-stansiyalara və kritik avadanlıqlara da şamil olunacaq. Məişət və kiçik kommersiya təyinatlı dronlar üçün isə 25%-lik tarif müəyyən edilib.

Qərar ilk növbədə Çin istehsalçılarının bazardakı üstün mövqeyinə yönəlib. ABŞ Ticarət Nazirliyi bildirib ki, ölkənin kommersiya dron bazarının böyük hissəsi xarici istehsalçılardan asılıdır və bu, həm təchizat zəncirində, həm də məlumat təhlükəsizliyi baxımından risk yaradır.

Eyni zamanda, ABŞ bəzi müttəfiq ölkələr üçün daha aşağı tariflər tətbiq edəcək. Avropa İttifaqı, Yaponiya, Cənubi Koreya, Tayvan, İsveçrə və Lixtenşteyndən idxal olunan məhsullar üçün tarif 15%-dən, Böyük Britaniyadan gətirilən məhsullar üçün isə 10%-dən yuxarı olmayacaq.

Administrasiya bazarda mümkün təchizat problemlərini azaltmaq məqsədilə keçid dövrü də müəyyən edib. Əsas tariflər 3 sentyabr 2026-cı il tarixindən qüvvəyə minəcək, bəzi qeyri-kritik komponentlərə tətbiq ediləcək rüsumlar isə 9 fevral 2027-ci il tarixinədək təxirə salınacaq.

Fərman, həmçinin ABŞ-da istehsalın lokallaşdırılmasını təşviq edən yeni proqramın hazırlanmasını nəzərdə tutur. Bu proqram çərçivəsində 20 yanvar 2029-cu il tarixinədək ölkədə yeni istehsal müəssisələri yaratmağı öhdəsinə götürən şirkətlər müəyyən müddət ərzində tarif güzəştlərindən yararlana biləcəklər.

Analitiklərin fikrincə, yeni tariflərin əsas təsiri ABŞ istehsalçılarının artan tələbi nə dərəcədə sürətlə qarşılaya biləcəyindən asılı olacaq. Eyni zamanda, qərarın qlobal dron təchizat zəncirinə və qiymətlərə təsiri bazar iştirakçılarının diqqət mərkəzindədir.

MONETAR.AZ