Pakistanda hər il avqustun 14-də Müstəqillik Günü qeyd olunur.
Monetar.az xəbər verir ki, Pakistan 1947-ci il avqustun 14-də Britaniya Hindistanının bölünməsindən sonra müstəqil dövlət elan edilib.
Müstəqillik Günü ölkə üzrə müxtəlif rəsmi və mədəni tədbirlərlə qeyd olunur. Bayramın əsas mərasimləri paytaxt İslamabadda keçirilir. Dövlət bayrağı Prezident iqamətgahında və Parlament binasında qaldırılır, ardınca dövlət himni səsləndirilir.
Bayram münasibətilə Pakistanın şəhər və kəndlərində evlər, küçələr, dövlət və özəl binalar milli bayraqlarla bəzədilir. Vətəndaşlar əsasən ölkənin milli rəngləri olan yaşıl və ağ rəngdə geyimlərə üstünlük verirlər.
Müstəqillik Günü Pakistanda milli birlik, həmrəylik və dövlətçilik ideyalarının ön plana çıxarıldığı əsas bayramlardan biridir.
Pakistan-Azərbaycan münasibətləri də xüsusi xarakter daşıyır. Pakistan 12 dekabr 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub və münasibətlər sonrakı illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.