Bunu Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə qurumun sosial şəbəkə hesabında keçirilən canlı yayım zamanı abituriyentlərə müraciətində bildirib.
O qeyd edib ki, abituriyentlər gələcəkdə sevdikləri peşə ilə məşğul ola biləcəkləri ixtisası seçməlidirlər.
DİM sədri ixtisas seçimindən əvvəl abituriyentlərə məlumatlarla tanış olmağı tövsiyə edib. O, bildirib:
"Ən çox istədiyiniz ixtisası birinci yerdə yazmalısınız. İndi qərar qəbul edirsiniz, 5-10 ildən sonra isə sizi nələrin gözlədiyini düşünməlisiniz.
Hansı ixtisaslara əmək bazarında tələbat artacaq, hansı sahələrdə yaxşı iş imkanları yaranacaq? Elə ixtisaslar var ki, 10 il sonra onlara tələbat olmayacaq. Məsələn, 10 il əvvəl "Gömrük işi" ixtisası var idi. İndi isə gömrük orqanlarında müxtəlif sahələr üzrə mütəxəssislər çalışa bilərlər.
Elə şəxslər tanıyıram ki, 7 il ərzində istədiyi ixtisasa qəbul olmaq üçün imtahanlarda iştirak edib və sonda uğur qazanıblar. Amma siz özünüzə sual verməlisiniz: buna hazırsınızmı?! Əgər hazır deyilsinizsə, lakin həmin istiqamətdə fəaliyyətinizi davam etdirmək istəyirsinizsə, hansı ixtisasları seçə bilərsiniz? Orta ixtisas təhsili müəssisələri, kolleclər var. Həmin sahədə qalmaq üçün kollecləri də seçə bilərsiniz. Bu suallara hər biriniz özünüz cavab verməlisiniz. Nəhayət, məsuliyyət məsələsi var. Sizə məsləhət verə bilərlər, amma qəbul etdiyiniz qərarın məsuliyyəti sizin üzərinizdədir. Çünki həyat yolunu siz özünüz keçəcəksiniz. Sizə məsləhət verən insanlar isə həmin yolda hər zaman yanınızda olmayacaqlar".