Azərbaycan minifutbol millisi Avropa çempionu oldu

Azərbaycan minifutbol millisi

Minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının qalibi olub.

Final görüşündə Azərbaycan millisi Ukrayna yığmasını 2:0 hesabı ilə məğlub edərək turnirin qızıl medalını qazanıb. Qarşılaşma “Tipos Arena”da keçirilib.

Komandanın qollarını Mirmehdi Rzayev və İsa Atayev vurublar.

Bu qələbə ilə Azərbaycan millisi tarixində ikinci dəfə Avropa çempionu adını qazanıb. Komanda daha əvvəl 2022-ci ildə də qitə birinciliyinin qalibi olmuşdu.

Turnir ərzində Azərbaycan millisi yüksək nəticələr göstərib. Qrup mərhələsində Avstriya (1:0), İtaliya (3:0) və Fransa (3:2) üzərində qələbə qazanan komanda 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda isə Çexiyanı (5:2) məğlub edib. Yarımfinalda isə Serbiya ilə görüşün əsas vaxtı 1:1 başa çatıb, penaltilər seriyasında isə 3:1 hesabı ilə üstünlük əldə edilib.

Beləliklə, Azərbaycan minifutbol millisi turniri məğlubiyyətsiz və inamlı çıxışla başa vuraraq Avropa çempionu olub.

MONETAR.AZ