Bakıda şəhərsalma və dekolonizasiya mövzusunda konfrans keçiriləcək

Bakıda şəhərsalma və dekolonizasiya mövzusunda

Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində  bu gün  Bakı Təşəbbüs Qrupu tərəfindən “Müstəmləkə idarəçiliyinin yaratdığı ədalətsizliklər və mənzil böhranı” mövzusunda tədbir keçiriləcək. Sessiyada müstəmləkə və neokolonial idarəetmənin sosial-iqtisadi təsirləri, urbanizasiya proseslərində yaranan struktur problemlər və mənzil təminatı sahəsindəki çağırışlar ətrafında fikir mübadiləsi aparılacaq.

Mayın 20-də isə “Dekolonizasiya prosesində gənclərin şəhərsalmada rolu” mövzusunda beynəlxalq konfrans təşkil olunacaq.

Tədbir Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutacaq və Qlobal Cənub Gənclər Platformasının ilk beynəlxalq tədbiri kimi diqqət çəkəcək. Platforma BTQ-nin təşəbbüsü ilə müxtəlif ölkələri təmsil edən gənclər tərəfindən yaradılıb.

Konfransda ilk dəfə olaraq BMT-nin Gənclər Ofisi də nümayəndələri ilə iştirak edəcək. Tədbirə 22 ölkədən gənc tədqiqatçılar, beynəlxalq hüquq üzrə ekspertlər, səhiyyə mütəxəssisləri, müstəqillik tərəfdarı siyasi təşkilatların nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri və universitet tələbələrinin qatılması nəzərdə tutulur.

Müzakirələr zamanı kolonializm və neokolonializmin müasir dövrdə yaratdığı təsirlərə qarşı beynəlxalq əməkdaşlığın gücləndirilməsi, Qlobal Cənub Gənclər Platformasının şəbəkələşməsi və gənclərin qlobal səviyyədə daha fəal təşkilatlanması məsələləri ön plana çıxacaq.

Bununla yanaşı, azlıqların üzləşdiyi sistemli ayrı-seçkilik, insan hüquqları pozuntuları və sosial bərabərsizliklərin beynəlxalq gündəmdə daha geniş yer alması üçün konkret təşəbbüslərin müzakirəsi aparılacaq.

MONETAR.AZ