Bu gün 3 səhmdar cəmiyyət təkrar pul hərracına çıxarılacaq

Bu gün 3 səhmdar cəmiyyət təkrar

2026-cı il mayın 19-da Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən səhmdar cəmiyyətlərinin səhmlərinin təkrar pul hərracı keçiriləcək.

Hərraca ümumilikdə 3 səhmdar cəmiyyətinin səhmləri çıxarılacaq. Bunlar “Salyan broyler”, “Salyan Kəndkimya” və “Yevlax Təkrar Xammal” ASC-ləridir.

Məlumata əsasən, “Salyan broyler” ASC üzrə 168 min 225 səhm satışa çıxarılıb. Səhmlərin ilkin satış qiyməti 168 min 225 manat, beh məbləği isə 16 min 822,5 manat müəyyənləşdirilib.

“Salyan Kəndkimya” ASC üzrə satışa çıxarılan səhmlərin sayı 80 min 944 ədəd təşkil edir. Bu səhmlərin ilkin hərrac qiyməti 80 min 944 manat, beh məbləği isə 8 min 94,4 manatdır.

“Yevlax Təkrar Xammal” ASC üzrə isə 25 min 987 səhm hərraca çıxarılacaq. Səhmlərin ilkin satış qiyməti 25 min 987 manat, beh məbləği isə 2 min 598,7 manat təşkil edir.

Pul hərracında qanunvericiliyə uyğun olaraq sifariş və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.

Pul hərracı mayın 19-da saat 10:00-da Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20 ünvanında yerləşən Əmlak Xidmətləri Məkanında keçiriləcək.

MONETAR.AZ