Xiaomi ultra-incə “Air” smartfonunun istehsalını ləğv etdi

Xiaomi ultra-incə “Air” smartfonunun istehsalını

Çinin texnologiya nəhəngi Xiaomi, seriyalı istehsalın başlanmasına çox az qalmış böyük maraqla gözlənilən “Xiaomi 17 Air” ultra-incə flaqman smartfon layihəsini rəsmən ləğv edib. ITHome portalının yaydığı məlumata görə, bu qərar cihazın batareya ömrü, qızma problemi (termal idarəetmə) və ümumi performansında yaranacaq ciddi kompromislərlə bağlı olub.

Şirkətin prezidenti Lu Veybinq (Lu Weibing) canlı yayımlanan rəsmi təqdimat zamanı bu çətin qərarın pərdəarxası məqamlarını bölüşüb. Layihəyə əsasən, cihaz cəmi 5,5 mm qalınlığında ultra-incə korpusla təchiz olunmalı idi. Bu göstərici ilə Xiaomi, Apple-ın üzərində işlədiyi iddia edilən iPhone Air modelindən belə təxminən 0,1 mm daha nazik bir smartfon buraxmağı planlaşdırırdı.

Xiaomi mühəndisləri bütün planlama, dizayn, elmi-tədqiqat (R&D) və ilkin istehsal hazırlıqlarını (prototipləri) tamamilə başa vurmuşdular. Lakin korpus hədsiz nazik olduğu üçün daxilə yüksək tutumlu batareya yerləşdirmək və güclü prosessorun soyutma sistemini təmin etmək qeyri-mümkün olub. Şirkət rəhbərliyi flaqman adına yaraşmayan, aşağı texniki göstəriciləri olan məhsulu bazara çıxarmamağa qərar verib.

Ultra-incə trendindən imtina edən Xiaomi, diqqətini tamamilə güc və performansa yönəldib. Şirkət "Air" modelinin əvəzinə yaxın günlərdə Xiaomi 17 Max modelini nümayiş etdirməyə hazırlaşır.

Analitiklər hesab edirlər ki, Xiaomi-nin bu addımı smartfon bazarında artıq "görünüş və naziklik" yarışının bitdiyini, istifadəçilərin real tələbatı olan uzun batareya ömrü və yüksək hesablama gücü erasının tam başladığını göstərir.

MONETAR.AZ