Qlobal kosmik iqtisadiyyatın dəyəri 1 trilyon dolları keçə bilər

Qlobal kosmik iqtisadiyyatın dəyəri

Kosmosun tədqiqi və kosmik texnologiyalar sahəsində son illərdə sürətli inkişaf müşahidə olunur. Mütəxəssislərin qiymətləndirməsinə görə, yaxın illərdə kosmos iqtisadiyyatı qlobal iqtisadiyyatın ən sürətlə böyüyən sahələrindən birinə çevrilə bilər.

Araşdırmalara əsasən, 2025-ci ildə dünyada kosmik aparatların orbitə buraxılmasının təxminən 70 faizi kommersiya şirkətləri tərəfindən həyata keçirilib. Bu isə kosmik fəaliyyətlərdə özəl sektorun rolunun sürətlə artdığını göstərir.

Son onilliklərdə texnoloji inkişaf nəticəsində kosmosa raket buraxılışlarının dəyəri kəskin şəkildə azalıb. Məlumatlara görə, buraxılış xərcləri 1980-ci illərlə müqayisədə təxminən 40 dəfə ucuzlaşıb və gələcəkdə daha 95 faiz azalacağı gözlənilir. Bu isə kosmosun tədqiqini daha çox ölkə və şirkət üçün əlçatan edir.

Hazırda yalnız üç ölkə – ABŞ, Çin və Rusiya müstəqil insanlı kosmik uçuş imkanına malikdir. Bununla yanaşı, planetlərarası zond göndərmək imkanına sahib ölkələrin sayı səkkizə çatıb. Bu ölkələr sırasında Hindistan, Yaponiya, Cənubi Koreya və Birləşmiş Ərəb Əmirlikləri də yer alır. BƏƏ 2020-ci ildə “Hope” adlı Mars zondunu uğurla kosmosa göndərib.

Ekspertlər qeyd edirlər ki, milli kosmik proqramların sayı artsa da, kosmosun tədqiqində kommersiya şirkətlərinin rolu getdikcə genişlənir.

Kosmos infrastrukturunda da mühüm dəyişikliklər gözlənilir. Uzun illər fəaliyyət göstərmiş Beynəlxalq Kosmik Stansiyanın yaxın illərdə istismardan çıxarılması planlaşdırılır. Onun yerini isə həm dövlət, həm də kommersiya layihələri çərçivəsində yaradılan yeni kosmik stansiyalar tutacaq.

Planlaşdırılan layihələr arasında ABŞ şirkətlərinin həyata keçirdiyi “Axiom Station”, “Orbital Reef”, “Starlab” və “Haven” stansiyaları, həmçinin Çin, Rusiya və Hindistanın dövlət kosmik stansiya proqramları yer alır.

Mütəxəssislərin hesablamalarına görə, kosmos iqtisadiyyatının ümumi həcmi 2024-cü ildə təxminən 613 milyard dollar təşkil edib. Bunun 343 milyard dolları kommersiya kosmik məhsulları və xidmətlərinin payına düşür. Kosmik infrastruktur və dəstək sahələrinin dəyəri isə 137 milyard dollar qiymətləndirilir.

Proqnozlara əsasən, kommersiya sektorunun genişlənməsi nəticəsində qlobal kosmos iqtisadiyyatının həcmi 2032-ci ilə qədər 1 trilyon dolları ötə bilər.

MONETAR.AZ