Xiaomi ilk “sırğa” tipli qulaqlıqlar Hi-Res Audionu təqdim edib

Xiaomi ilk “sırğa” tipli qulaqlıqlar Hi-Res Audionu

"Xiaomi" şirkəti açıq konstruksiyaya malik ilk simsiz klips (sırğa) tipli qulaqlıqlarının ilkin detallarını paylaşıb. GizmoChina nəşrinin yaydığı məlumata görə, ayın sonunadək rəsmi təqdimatı gözlənilən bu unikal qurğu yüngül dizaynı, yüksək səs keyfiyyəti və qabaqcıl süni intellekt (AI) imkanları ilə diqqət çəkir. Yeni məhsulun "Satin Gold" və "Pearl White" rəng variantlarında satışa çıxarılacağı nümayiş etdirilib.

Qulaqlıqlar həm rahatlıq, həm də səs keyfiyyəti baxımından istifadəçilərə fərqli təcrübə vəd edir. Hər bir qulaqlığın çəkisi cəmi 5,5 qram təşkil edir. Konstruksiyada yaddaş effektinə malik xüsusi titan tel və qulaq seyvanına etibarlı oturuş təmin edən əyri forma istifadə olunub. Qurğu metalləşdirilmiş diafraqmalı 11 mm-lik drayver, LHDC 5.0 kodeki dəstəyi və Hi-Res Audio sertifikatı ilə təchiz edilib.

 Açıq tipli qulaqlıqların əsas problemi olan kənara səs sızmasını minimuma endirmək üçün xüsusi əks səs dalğası texnologiyası tətbiq olunub. Zənglər zamanı isə üç mikrofon, VPU sensoru və AI əsaslı səs-küy azaltma sistemi təmiz səs ötürülməsini təmin edir.

Yeni qulaqlıqlar sadəcə musiqi dinləmək üçün deyil, həm də ağıllı köməkçi kimi fəaliyyət göstərəcək. Süni intellekt funksiyaları sayəsində qulaqlıq 21 dil üzrə real vaxt rejimində sinxron tərcümə edə bilir.

 Qurğu vasitəsilə səs yazısı aparmaq və mətni analiz edərək avtomatik qısa məzmun (summary) hazırlamaq mümkündür. Bu funksiyalar Xiaomi ekosistemi və Xiao AI səsli köməkçisi ilə sıx inteqrasiyada işləyəcək.

Cihazın batareya ömrü və qiyməti barədə məlumatlar hələlik gizli saxlanılır. Qulaqlıqların "Mi Band 10 Pro" fitnes qolbağı və "Xiaomi 17 Max" flaqman smartfonu ilə eyni tədbirdə geniş ictimaiyyətə təqdim ediləcəyi gözlənilir.

MONETAR.AZ