Çin səmasında Boeing renesansı başlayır

Çin səmasında Boeing

ABŞ prezidenti Donald Trampın Pekinə rəsmi səfəri çərçivəsində aviasiya sektorunda nəhəng bir razılaşmanın əsası qoyulub. Çinin baş iqtisadi planlaşdırma qurumu ABŞ-ın təyyarə istehsalçısı "Boeing" şirkətinin Çin müəssisələri ilə əməkdaşlığı genişləndirməsini rəsmən dəstəklədiyini bəyan edib.

Səfər çərçivəsində Çinin Milli İnkişaf və İslahat Komissiyasının sədri Çjen Şantsze ilə "Boeing"in baş icraçı direktoru (CEO) Kelli Ortberq arasında mühüm görüş keçirilib. Qeyd edək ki, Ortberq bu həftə Çinə gələn ABŞ nümayəndə heyətinin tərkibində yer alıb.

Milli İnkişaf və İslahat Komissiyasının yaydığı rəsmi bəyanatda tərəflər arasında kommersiya prinsiplərinə sadiqlik vurğulanıb. Komissiya sədri Çjen Şantsze bildirib ki, Çin tərəfi "Boeing" şirkətinin Çin müəssisələri ilə praktiki əməkdaşlığı dərinləşdirməsini alqışlayır. O, həmçinin şirkətin iki böyük dövlət arasında körpü rolunu davam etdirməli və Çin-ABŞ münasibətlərinin sabitləşməsinə töhfə verməli olduğunu qeyd edib.

Yaxın Şərqdəki müharibənin qlobal aviasiya sektoruna ağır zərbə vurduğu bir dövrdə, bu tərəfdaşlıq "Boeing" üçün ən böyük xarici bazarlardan birini yenidən təminat altına almaq mənasına gəlir.

Səfərin ən böyük sürprizini isə Pekini tərk edən ABŞ prezidenti Donald Tramp açıqlayıb. "Air Force One" (Prezident təyyarəsi) göyərtəsində jurnalistlərə danışan Tramp, səfərin iqtisadi nəticələrindən olduqca məmnun qaldığını gizlətməyib:

“Çin Boeing-dən ilkin mərhələdə 200 ədəd yeni sərnişin təyyarəsi almağa razılaşdı. Bu, hələ başlanğıcdır. Bizim apardığımız danışıqlara əsasən, bu sifarişin ümumi həcmi gələcəkdə 750 təyyarəyədək yüksələ bilər”, deyə Donald Tramp vurğulayıb.

Analitiklər hesab edirlər ki, bu böyük satınalma müqaviləsi ABŞ və Çin arasındakı ticarət balanssızlığını tənzimləmək məqsədi daşıyır və son aylarda maliyyə çətinlikləri və istehsal problemləri ilə üzləşən "Boeing" şirkəti üçün çox mühüm bir maliyyə nəfəsliyi rolunu oynayacaq.

MONETAR.AZ