Türkiyədə qarşıdan gələn Qurban bayramı ərəfəsində bazarlarda nəzarət tədbirləri gücləndirilib.
Türkiyə Ticarət Nazirliyi tərəfindən yayılan məlumata əsasən, 2026-cı il ərzində süni qiymət artımı tətbiq etdiyi müəyyən olunan 1258 müəssisəyə ümumilikdə 389,4 milyon türk lirəsi məbləğində inzibati cərimə kəsilib.
Bildirilib ki, Haqsız Qiymət Dəyərləndirmə Şurası tərəfindən bu il keçirilən dörd iclas zamanı bazarda ədalətli rəqabət mühitini və istehlakçıların maraqlarını pozan hallarla bağlı araşdırmalar davam etdirilib.
Əsas ərzaq və istehlak məhsulları üzrə aparılan yoxlamalar nəticəsində süni qiymət artımına yol verdiyi müəyyən edilən 13 müəssisəyə 9,6 milyon lirədən çox cərimə tətbiq olunub. Çörək və simit məhsulları üzrə tarif qaydalarını pozduğu aşkarlanan 75 müəssisə isə 12,9 milyon lirə məbləğində cərimələnib.
Məlumatda qeyd olunub ki, xarici mənşəli elektron ticarət platformalarına tətbiq edilən idxal məhdudiyyətlərindən sonra yerli onlayn satış platformalarında müşahidə olunan qiymət artımları ilə bağlı yoxlamalar zamanı 840 müəssisəyə 151,7 milyon lirə cərimə tətbiq edilib.
Bundan başqa, meyvə və tərəvəz qiymətlərində qeydə alınan kəskin artımlarla bağlı aparılan araşdırmalar nəticəsində 330 müəssisə haqqında 215,1 milyon lirə məbləğində inzibati tədbir görülüb.
Nazirlik vurğulayıb ki, qanunvericiliyin tələblərini pozan sahibkarlıq subyektlərinə qarşı inzibati tədbirlər bundan sonra da qətiyyətlə davam etdiriləcək.