Azərbaycan Respublikasının milli bayramı — Müstəqillik Günü (28 May) ərəfəsində dünya liderləri, beynəlxalq təşkilatların rəhbərləri və xarici dövlətlərin başçıları Prezident İlham Əliyevə, Azərbaycan hökumətinə və xalqına səmimi təbrik məktubları ünvanlamağa başlayıblar. President.az rəsmi portalına istinadən qlobal institutların və dövlətlərin rəsmi müraciətlərində regional inteqrasiya və Azərbaycanın artan geosiyasi çəkisi xüsusi vurğulanır.
İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xan göndərdiyi məktubda Azərbaycanın regiondakı fəal tərəfdaşlıq rolunu yüksək qiymətləndirib: "İqtisadi Əməkdaşlıq Təşkilatı regional iqtisadi əməkdaşlığın və daha geniş inteqrasiyanın inkişafında Azərbaycanın fəal və konstruktiv roluna böyük əhəmiyyət verir. Təşkilatımızın əsas üzvü kimi Azərbaycan üzv dövlətlər arasında əlaqələrin, xüsusilə ticarət, enerji sahələrində əməkdaşlığın və davamlı inkişafın təşviqinə dəyərli töhfələr verir. Əminəm ki, kollektiv səylərimiz, ortaq baxışımız, həmçinin Zati-alinizin himayəsi və dəstəyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatı regionda sülh, sabitlik, firavanlıq naminə daha da inkişaf edəcək."
Milli bayram münasibətilə Avropadan daxil olan ilk rəsmi təbriklərdən biri Niderland Krallığından gəlib. Kral Villem-Aleksandr Azərbaycan xalqına firavanlıq arzulayıb: "Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizi təbrik edirəm. Bu bayram münasibətilə Azərbaycan xalqına firavanlıq diləyir və ən xoş arzularımı çatdırıram."
Eyni zamanda, Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Bakıtcan Saqintayev də dövlət başçısına təbrik məktubu ünvanlayaraq, bu əlamətdar günün ölkənin qazandığı uğurları təcəssüm etdirdiyini qeyd edib: "Bu əlamətdar bayram Azərbaycan Respublikasının suverenliyini, dövlətçiliyini möhkəmləndirmək, davamlı inkişafını sürətləndirmək, vətəndaşlarının rifahını daha da yaxşılaşdırmaq istiqamətində görülən mühüm işləri təcəssüm etdirir. Sizə möhkəm cansağlığı, firavanlıq və Azərbaycan Respublikasının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram."
Daxil olan təbriklər və ölkənin xarici siyasət dinamikası Azərbaycanın qlobal və regional idarəetmədə mühüm platformaya çevrildiyini bir daha təsdiqləyir.