Dövlət İmtahan Mərkəzi (DİM) Elm və Təhsil Nazirliyinin regional idarələrinin dəstəyi ilə 19–21 may 2026-cı il tarixlərində Şirvan, Bərdə və Şəki şəhərlərində xarici dil müəllimləri üçün genişmiqyaslı maarifləndirici görüşlər keçirib. Tədbirlərdə Şirvan-Salyan, Mil-Muğan, Qarabağ, Şərqi Zəngəzur və Şəki-Zaqatala regionlarını təmsil edən ümumilikdə 752 xarici dil müəllimi (Şirvanda 270, Bərdədə 232, Şəkidə 250) iştirak edib.
DİM-in regional bölmə rəhbərləri Hafis Bağırov (Şirvan), Vüsal Cəfərov (Bərdə) və Səbuhi Hüseynov (Şəki) çıxış edərək bu formatda regional görüşlərin müəllimlərin metodiki hazırlığındakı rolunu vurğulayıblar.
DİM-in Dövlət dili və xarici dillər şöbəsinin müdiri Könül Hacıyeva qiymətləndirmə sistemindəki köklü dəyişiklikləri diqqətə çatdırıb. Yenilənmiş modelin əsas fəlsəfəsi şagirdlərin dil biliklərini mexaniki deyil, real və kommunikativ mühitdə yoxlamaqdır.
2027-ci ildən etibarən buraxılış imtahanlarında şagirdlərdən minimum 100 sözdən ibarət qısa mətn (yazı tapşırığı) yazmaq tələb olunacaq.
Bu dəyişiklik şagirdlərin fikri ardıcıl ifadə etmək, arqumentasiya qurmaq və dil vasitələrindən düzgün istifadə səviyyəsini obyektiv ölçməyə imkan verəcək. Bu səbəbdən məktəblərdə tədris prosesi zamanı yazı bacarıqlarının inkişafına ayrılan vaxt və diqqət mütləq şəkildə artırılmalıdır.
Görüşlərdə son iki tədris ili üzrə (2024/2025 və 2025/2026) 9-cu və 11-ci siniflərin xarici dil üzrə orta statistik nəticələri müqayisə edilib. Regionların ümumi dinamikasında irəliləyiş olsa da, rayonlararası fərqlər metodik dəstəyin davam etdirilməsinə ehtiyac olduğunu göstərir.
Plenar iclaslardan sonra tədbir dörd əsas dil üzrə paralel seminarlarla davam edib. DİM-in fənn kuratorları — Gülayə Cavadova (ingilis dili), Xalidə Babaşova (rus dili), Murad Muradov (alman dili) və Fatma Ağayeva (fransız dili) müəllimlərə yeni yazı tapşırıqlarının mahiyyətini izah ediblər.
Seminarlarda müəllimlərə 100 sözlük tapşırıqlar zamanı şagird səhvlərinin qruplaşdırılması, qiymətləndirmə meyarları (rubriklər) və nümunə cavab topdan ibarət materiallar təqdim edilib. Sonda pedaqoqların sualları cavablandırılıb və tədrisin təkmilləşdirilməsi üçün rəy sorğusu keçirilib.