Bu gün – 1 avqust Azərbaycanda Azərbaycan Əlifbası və Azərbaycan dili Günü qeyd olunur.
Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Fərman latın qrafikalı Azərbaycan əlifbasına keçidin 2001-ci ilin avqustunda tam başa çatdırılması və bunun müstəqil Azərbaycanın ictimai-siyasi həyatı, eləcə də yazı mədəniyyəti tarixində mühüm mərhələ olması nəzərə alınaraq imzalanıb.
Müasir Azərbaycan əlifbasına keçid prosesi ötən əsrin əvvəllərindən başlanıb. 1922-ci ildə Azərbaycan hökumətinin qərarı ilə Yeni Əlifba Komitəsi yaradılıb və ona Azərbaycan (türk) dili üçün latın qrafikalı əlifba hazırlamaq tapşırılıb. 1923-cü ildən etibarən latın qrafikasına keçid sürətlənib, 1929-cu il yanvarın 1-dən isə yeni əlifba ölkədə kütləvi şəkildə tətbiq olunmağa başlayıb. Bu islahat savadsızlığın aradan qaldırılmasına mühüm töhfə verib.
Lakin sonradan SSRİ rəhbərliyinin qərarı ilə 1940-cı il yanvarın 1-dən Azərbaycanda kiril qrafikalı əlifbaya keçilib. Sonrakı illərdə Azərbaycan dilinin fonetik xüsusiyyətlərinə uyğunlaşdırılması məqsədilə kiril əlifbasında müəyyən dəyişikliklər edilib.
1990-cı ildən etibarən ölkədə latın qrafikalı əlifbaya qayıdış prosesi yenidən gündəmə gəlib. Bu istiqamətdə mühüm təşəbbüslərdən biri akademik Afad Qurbanova məxsus olub. Onun təşəbbüsü ilə 1990-cı il avqustun 1-də Azərbaycan Əlifba Komissiyası yaradılıb və Afad Qurbanov komissiyanın sədri təyin edilib.
Komissiyanın hazırladığı yeni latın qrafikalı Azərbaycan əlifbası 1992-ci ildə təsdiqlənərək tətbiq olunmağa başlayıb. Həmin il latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi haqqında qanun qəbul edilib, 2001-ci ildə isə bu proses tam başa çatdırılıb.
Latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycanın siyasi və mədəni həyatında xüsusi əhəmiyyət daşıdığını nəzərə alan Prezident Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanına əsasən, 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan dili Günü elan olunub.