FED iclaslarının sayının azaldılması nəzərdən keçirilir

FED iclaslarının sayının azaldılması

ABŞ Federal Ehtiyat Sisteminin (FED) yeni sədri Kevin M. Uorş pul-kredit siyasəti üzrə planlı iclasların sayının azaldılması imkanını nəzərdən keçirir. The New York Times-ın məlumatına görə, bu həftə Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasında müzakirəyə çıxarılan təşəbbüs həyata keçirilərsə, bu, son illərdə FDX-nin idarəetmə strukturunda ən əhəmiyyətli dəyişikliklərdən biri ola bilər.

Hazırkı qaydalara əsasən, FOMC bazis faiz dərəcəsini müəyyənləşdirmək üçün ildə səkkiz dəfə toplanır. Məlumatlı mənbələrin bildirdiyinə görə, rəsmi struktur dəyişiklikləri daha sonra qüvvəyə minsə də, iclas cədvəlinə yenidən baxılması ilə bağlı qərar sentyabrın ortalarında keçiriləcək növbəti FOMC iclasına qədər qəbul edilə bilər.

Müzakirələr FED-nin bu həftə uçot dərəcəsini dəyişməz saxlamaq qərarından sonra başlayıb. Kevin Uorşun sədrliyi ilə keçirilən ikinci iclasda qərar 9-a qarşı 3 səs nisbəti ilə qəbul olunub. Bu, rəhbərliyin həm kommunikasiya strategiyasında, həm də pul-kredit siyasətinin həyata keçirilməsi mexanizmində dəyişikliklərə açıq olduğunu göstərir.

Mənbələrin məlumatına görə, Uorş yalnız iclasların tezliyini deyil, həm də qərarlardan sonra keçirilən mətbuat konfranslarının sayının azaldılmasını nəzərdən keçirir. Məqsəd FED-nin kommunikasiya siyasətini daha sadə və effektiv etməkdir.

Bundan əlavə, mərkəzi bank daha geniş institusional islahatları qiymətləndirmək üçün kommunikasiya strategiyası, iqtisadi məlumatların təhlili və balansın idarə olunması da daxil olmaqla əsas fəaliyyət istiqamətlərini əhatə edən beş daxili işçi qrupu yaradıb.

MONETAR.AZ