İran ətrafındakı münaqişə və Hörmüz boğazında yaranan risklər xammal və nəqliyyat xərclərini artıraraq bir sıra istehlak məhsullarının qiymətinin yüksəlməsinə səbəb olur. The Wall Street Journal yazır ki, şirkətlər artan xərcləri kompensasiya etmək üçün pivə, boya, kartof fri və qablaşdırma məhsullarının qiymətlərini artırmağa başlayıblar.
Boston Beer Company, Sherwin-Williams, International Paper və Unilever artıq qiymət artımlarına gedib və ya yaxın aylarda bunu etməyi planlaşdırır. Şirkətlər bunu xammal, logistika və enerji xərclərinin bahalaşması ilə izah edirlər.
Analitiklərin fikrincə, bu proses ABŞ-də inflyasiya təzyiqlərini gücləndirə və Federal Ehtiyat Sisteminin (FES) pul-kredit siyasətini daha da mürəkkəbləşdirə bilər. Əgər bazarlar əvvəllər faiz dərəcələrinin endiriləcəyini gözləyirdisə, enerji daşıyıcılarının bahalaşmasından sonra investorlar artıq mümkün faiz artımını da nəzərə almağa başlayıblar.
Münaqişədən əvvəl qlobal neft tədarükünün təxminən 20%-i Hörmüz boğazından keçirdi. Bundan əlavə, alüminium, gübrə və digər sənaye xammalları da əsasən bu marşrut vasitəsilə daşınırdı.
Nəşrin məlumatına görə, ABŞ-da WTI markalı neftin fyuçersləri münaqişənin başlanğıcı ilə müqayisədə təxminən 25% bahalaşaraq bir barel üçün 85 dollar ətrafında ticarət olunur. ABŞ-də benzinin orta pərakəndə satış qiyməti isə bir qallon üçün 2,98 dollardan 4,11 dollara yüksəlib.
Unilever bildirib ki, ilin ikinci yarısında satış gəlirlərində gözlənilən artım əsasən məhsul qiymətlərinin yüksəldilməsi hesabına təmin olunacaq, satış həcmlərinin artımı isə məhdud olacaq.
Sherwin-Williams neft əsaslı xammalın bahalaşmasını kompensasiya etmək məqsədilə sentyabrın 1-dən məhsullarının qiymətini 8% artıracağını açıqlayıb. Bu qərardan sonra şirkətin səhmləri 8%-dən çox bahalaşıb.
Illinois Tool Works yaz rübündə həyata keçirilən qiymət artımlarının istehsal xərclərindəki yüksəlişi tam kompensasiya etdiyini bildirib. Lamb Weston isə nəqliyyat və bitki yağlarının bahalaşması fonunda Şimali Amerika bazarında qiymətlərini artırıb.
Qablaşdırma sənayesi də artan xərclərlə üzləşir. Plastik, alüminium, təkrar emal olunmuş karton və yükdaşıma tariflərinin yüksəlməsi fonunda International Paper, Smurfit WestRock və Packaging Corporation of America iyul ayında məhsullarının qiymətini artırdıqlarını elan ediblər.
Analitiklərin qiymətləndirməsinə görə, qiymət artımları bəzi istehsalçıların maliyyə nəticələrini və səhmlərini dəstəkləsə də, ümumi iqtisadi təsir istehlakçıların xərclərinin artmasına, inflyasiya təzyiqlərinin güclənməsinə və faiz dərəcələrinin uzun müddət yüksək səviyyədə qalmasına səbəb ola bilər.
MONETAR.AZ