Platin və palladium arasında yarış: Biri güclənir, digəri zəifləyir

Platin və palladium arasında yarış:

2026-cı ilin yayında platin və palladium bazarına əsas təsir edən amillər avtomobil sənayesinin elektrikləşməsi, geosiyasi vəziyyət, ABŞ Federal Ehtiyat Sisteminin (FED) qərarları və inkişaf etməkdə olan ölkələrdə tələbin bərpası olacaq.

Monetar.az xəbər verir ki, ilin əvvəlində kəskin bahalaşan hər iki qiymətli metal son aylarda ciddi korreksiya ilə üzləşib. Platin yanvar ayında 2900 dollar/unsiya səviyyəsinə yüksəlsə də, iyulda 1560-1670 dollar aralığında sabitləşib. Palladium isə ilin əvvəlində 2100 dollar/unsiyanı gördükdən sonra 1210-1320 dollar intervalına enib.

Ekspertlərin fikrincə, bazara iki əsas amil təzyiq göstərir: Yaxın Şərqdə artan gərginlik investorların riskli aktivlərdən uzaqlaşmasına səbəb olur, digər tərəfdən isə mərkəzi bankların daha sərt pul siyasəti qiymətli metallara tələbi zəiflədir.

Platin bazarında 2026-cı ildə ardıcıl dördüncü il kəsir gözlənilir. Dünya Platin İnvestisiya Şurasının (WPIC) proqnozuna görə, illik çatışmazlıq təxminən 297 min unsiya təşkil edə bilər. Təklifin əsas artım mənbəyi təkrar emal olacaq.

 Palladium bazarında isə vəziyyət fərqlidir. Analitiklər hesab edirlər ki, uzun illər davam edən kəsirdən sonra bazar balans və ya kiçik profisit mərhələsinə keçə bilər. Bunun əsas səbəbi avtomobil sənayesində palladiuma tələbin azalması və elektrik avtomobillərinin yayılmasıdır.

Palladium tələbinin böyük hissəsi benzin mühərrikli avtomobillərin katalizatorlarından formalaşır. Elektrikli avtomobillərin artması isə bu metal üçün uzunmüddətli risk yaradır. Eyni zamanda, təkrar emal həcminin artması bazarda əlavə təklif yaradır.

Analitiklər hesab edirlər ki, platin daha şaxələndirilmiş tələbat strukturu və davam edən kəsir səbəbindən orta müddətdə daha güclü mövqeyə malikdir. Palladium isə avtomobil bazarındakı dəyişikliklər səbəbindən təzyiq altında qala bilər.