Dollar son üç ayın ən zəif həftəsinə doğru irəliləyir

Dollar son üç ayın ən zəif həftəsinə

ABŞ Federal Ehtiyat Sisteminin (FED) inflyasiyanı cilovlamaq üçün kifayət qədər qətiyyətli addımlar atmadığına dair narahatlıqlar fonunda dollar son üç ayın ən zəif həftəlik nəticəsini göstərməyə hazırlaşır. Bu barədə Bloomberg məlumat yayıb.

Bloomberg Dollar Spot Index son beş ticarət günü ərzində 1,2% dəyər itirib. Dollar bugün itkilərinin bir hissəsini bərpa etsə də, bir aydan artıq müddətin minimum səviyyələrinə yaxın qalır.

ABŞ dövlət istiqrazlarının gəlirliliyinin artmasına baxmayaraq dolların zəifləməsi FED-in pul-kredit siyasətinə etimadla bağlı narahatlıqları əks etdirir. Adətən istiqraz gəlirliliyinin yüksəlməsi milli valyutanı dəstəkləyir.

FES sədri Kevin Uorşın son açıqlamaları mərkəzi bankın faiz artımını gecikdirə və inflyasiyanın hədəfdən yüksək qalmasına şərait yarada biləcəyi ilə bağlı narahatlıqları gücləndirib. Bu arada, ABŞ-ın uzunmüddətli dövlət istiqrazlarının gəlirliliyi 2007-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.

Gavekal Wealth şirkətinin icraçı direktoru Randhir Prakaş bildirib ki, dövlət istiqrazlarının və dolların eyni vaxtda ucuzlaşması inkişaf etməkdə olan bazarlarda müşahidə edilən dinamikanı xatırladır.

Onun sözlərinə görə, investorlar ABŞ-ın iqtisadi siyasət kursundan narazılıqlarını ifadə etməyə başlayırlar və bu vəziyyət həm dövlət istiqrazlarına, həm də dollara mənfi təsir göstərir.

Yaponiya hakimiyyətinin yenanı dəstəkləmək üçün valyuta bazarına müdaxiləsi də dollara əlavə təzyiq yaradıb. Cümə axşamı Nyu-York ticarətində həyata keçirilən müdaxilə nəticəsində ien ABŞ dollarına qarşı 3,3% bahalaşıb. Lakin Yaponiya Bankının bu gün faiz dərəcəsini dəyişməz saxlamasından sonra valyuta qazancının bir hissəsini itirib.

FED-in faiz dərəcəsini artırmaq əvəzinə dəyişməz saxlaması qərarı son iqtisadi məlumatlardan da müəyyən dəstək alıb. Açıqlanan statistika ABŞ iqtisadiyyatının ikinci rübdə zəiflədiyini, FED-in üstünlük verdiyi inflyasiya göstəricisi olan şəxsi istehlak xərcləri indeksinin (PCE) isə ötən ay 0,1% azaldığını göstərib.

Bu gün ay sonu kapital axınları fonunda dollar 0,3%-dək möhkəmlənib. ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirliliyi isə 2 bazis bəndi azalaraq 4,65%-ə enib.

Svop bazarları hazırda ABŞ-da ilin sonunadək faiz dərəcəsinin ümumilikdə 34 bazis bəndi artırılacağını qiymətləndirir. Bu göstərici əvvəlki ticarət günü ilə müqayisədə demək olar ki, dəyişməyib.

MONETAR.AZ