Dövlət Gömrük Komitəsi 8 ədəd xidməti avtomobil almaq üçün tender elan edib
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sərnişin motorlu nəqliyyat vasitələrinin satın alınması ilə bağlı açıq müsabiqə elan edib.
Satınalmanın ehtimal olunan qiyməti 261 min 960 manat təşkil edir.
Tender çərçivəsində 8 ədəd sedan tipli avtomobilin alınması nəzərdə tutulur. Hesablamaya əsasən, bir avtomobil üçün nəzərdə tutulan orta ehtimal olunan qiymət 32 min 745 manat təşkil edir.
Texniki şərtlərə əsasən, avtomobillər:
- 2025-2026-cı il buraxılışlı olmalıdır;
- ban növü sedan, tutumu isə 5 sərnişin üçün nəzərdə tutulmalıdır;
- mühərrik həcmi 1,2-2 litr, mühərrik gücü isə 120-150 at gücü aralığında olmalıdır;
- maksimal sürəti 150-170 km/saat təşkil etməlidir;
- avtomatik sürət qutusu ilə təchiz olunmalıdır;
- ötürücüsü ön olmalıdır;
- yanacaq növü benzin olmalıdır;
- yürüş məsafəsi 0 kilometr olmalıdır.
Avtomobillərin rəngi ağ, qara və ya boz nəzərdə tutulub. Tələblərə əsasən, nəqliyyat vasitələrində sürücü hava yastığı, kondisioner və kruiz-kontrol sistemi olmalıdır.
Satınalma şərtlərinə görə, avtomobillərə 2 il zəmanət verilməli və texniki servis xidmətinin mövcudluğu təmin edilməlidir.
Təkliflərin təqdim olunması üçün son tarix 21 avqust 2026-cı il saat 18:00, zərflərin açılışı isə həmin gün saat 18:00-da keçiriləcək.
MONETAR.AZ