AZAL İstanbul və Tbilisi istiqamətlərində uçuşların sayını artırıb

AZAL İstanbul və Tbilisi istiqamətlərində

“Azərbaycan Hava Yolları” (AZAL) artan sərnişin tələbatını nəzərə alaraq İstanbul və Tbilisi istiqamətlərində uçuş proqramını genişləndirib.

AZAL-dan bildirilib ki, 4 avqust – 30 sentyabr tarixləri arasında Bakı–İstanbul marşrutu üzrə həftəlik reyslərin sayı 17-dən 21-ə, 2 avqust – 30 avqust tarixləri arasında isə Bakı–Tbilisi istiqamətində həftəlik uçuşların sayı 42-dən 46-ya çatdırılacaq.

Qeyd olunub ki, əlavə reyslər sərnişinlərin səyahətlərini daha rahat planlaşdırmasına, eləcə də uçuş seçimlərinin genişlənməsinə imkan verəcək.

Milli aviadaşıyıcı sərnişin axınını mütəmadi təhlil edərək uçuş proqramını bazarın tələblərinə uyğun optimallaşdırır. Şirkətin həyata keçirdiyi tədbirlər marşrut şəbəkəsinin inkişafı, avia donanmanın yenilənməsi və xidmət keyfiyyətinin artırılmasına yönəlib.

Aviabiletləri AZAL-ın rəsmi internet saytı, mobil tətbiqi, həmçinin aviaşirkətin kassaları və akkreditə olunmuş agentliklər vasitəsilə əldə etmək mümkündür.

MONETAR.AZ