2026-cı ilin ilk yarısında Azərbaycana xaricdən daxil olan pul baratları və xarici ticarət göstəricilərində əhəmiyyətli artım qeydə alınıb.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, yanvar-iyun aylarında ölkənin xarici ticarətində təxminən 8 milyard ABŞ dolları həcmində müsbət saldo formalaşıb.
İlkin məlumatlara əsasən, eyni dövrdə pul baratları üzrə saldo, yəni daxilolmalarla xaricolmalar arasındakı fərq 540,6 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 82,8 faiz artıb.
Mərkəzi Bank bildirib ki, qlobal enerji qiymətlərinin yüksəlməsi, eləcə də qeyri-neft-qaz məhsulları və xidmətləri ixracında müşahidə olunan müsbət dinamika fonunda 2026 və 2027-ci illər üzrə cari əməliyyatlar hesabının profisiti ilə bağlı proqnozlar artırılıb.
Qurumun qiymətləndirməsinə görə, xarici sektorun əlverişli vəziyyəti ölkənin tədiyyə balansının dayanıqlığını gücləndirir və makroiqtisadi sabitliyin qorunmasına müsbət təsir göstərir. Bununla yanaşı, xarici valyuta daxilolmalarının artması manatın məzənnəsinin sabitliyini dəstəkləyən əsas amillərdən biri kimi qiymətləndirilir.