Azərbaycan manatının nominal effektiv məzənnəsinin möhkəmlənməsi ölkəyə idxal olunan inflyasiyanın azalmasına təsir göstərir.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.
AMB sədri qeyd edib ki, inflyasiya proqnozları hazırlanarkən bir neçə əsas amil nəzərə alınır. Bunlar sırasında ticarət tərəfdaşlarında inflyasiya prosesləri və xərc amilləri xüsusi əhəmiyyət daşıyır.
“İnflyasiyanın idarə olunmasında qiymət artımına təsir edən əsas amillər ticarət tərəfdaşlarımızdakı inflyasiya prosesləri və xərc amilləridir. Bu baxımdan kənd təsərrüfatı istehsalçı qiymətlərini də izləyirik. İnflyasiyanı azaldan əsas amillərdən biri isə nominal effektiv məzənnədir”, – deyə T.Kazımov bildirib.
Onun sözlərinə görə, dünya bazarlarında enerji daşıyıcılarının qiymətlərinin artması zamanı ABŞ dolları indeksinin möhkəmlənməsi müşahidə olunur. Bu isə manatın digər valyutalara nisbətdə möhkəmlənməsinə səbəb ola bilər.
“Manatın ticarət tərəfdaşlarımızın valyutalarına qarşı məzənnəsinin güclənməsi nəticə etibarilə ölkəyə daha az inflyasiya idxal etməyimizə imkan verir”, – deyə AMB sədri vurğulayıb.
Taleh Kazımov diqqətə çatdırıb ki, Azərbaycanın qeyri-neft-qaz idxalının təxminən 80 faizi enerji daşıyıcıları ixrac edən ticarət tərəfdaşlarının payına düşür.
AMB rəhbəri bildirib ki, hazırkı şəraitdə inflyasiya proqnozları bir sıra amillər nəzərə alınmaqla formalaşdırılır və mövcud göstəricilər daha nikbin qiymətləndirmələr aparmağa imkan verir.
MONETAR.AZ