ABŞ-da neft ehtiyatları son yeddi ildə ən aşağı səviyyəyə enib

ABŞ-da neft ehtiyatları son yeddi ildə ən aşağı

ABŞ Energetika İnformasiyası İdarəsinin (EIA) açıqladığı məlumata görə, neft emalı zavodlarında emal həcmlərinin artması və ixracın yüksəlməsi fonunda ötən həftə ölkənin kommersiya xam neft ehtiyatları 7,2 milyon barel azalaraq bazar proqnozlarını əhəmiyyətli dərəcədə üstələyib.

Strateji Neft Ehtiyatı (SPR) nəzərə alınmadan kommersiya xam neft ehtiyatları iyulun 24-də başa çatan həftənin yekunlarına görə 404,5 milyon barelə enib. Bu, 2018-ci ildən bəri qeydə alınan ən aşağı göstəricidir. Analitiklər isə ehtiyatların cəmi 1,3 milyon barel azalacağını gözləyirdilər.

Strateji Neft Ehtiyatı da daxil olmaqla ümumi neft ehtiyatları 11 milyon barel azalaraq 712,2 milyon barelə düşüb. Bu göstərici 1984-cü ildən bəri ən aşağı səviyyə hesab olunur.

Oklahomadakı Kuşinq neft qovşağında (Cushing hub) ehtiyatlar 771 min barel azalaraq 18,6 milyon barelə enib. Bu, 2014-cü ildən bəri ən aşağı göstəricidir və əməliyyat baxımından kritik hesab edilən 20 milyon barel həddindən aşağıdır.

Hesabatın açıqlanmasından sonra neft qiymətləri kəskin yüksəlib. Brent markalı neftin qiyməti 6,34 dollar və ya 7,5% artaraq bir barel üçün 90,42 dollara, WTI markalı neft isə 5,90 dollar və ya 7,5% bahalaşaraq 85,22 dollara çatıb.

EIA-nın məlumatına görə, neft emalı zavodlarında xam neft emalı ötən həftə gündəlik 271 min barel artıb. Emal güclərinin yüklənmə səviyyəsi isə 1,1 faiz bəndi yüksələrək 97,2%-ə çatıb.

Eyni zamanda, ABŞ-ın xam neft ixracı cüzi artaraq gündəlik 3,5 milyon barel təşkil edib. Xalis xam neft idxalı isə gündəlik 237 min barel azalıb.

MONETAR.AZ