Cənubi Koreya Texasda İES tikintisinə investisiya yatırmağı nəzərdən keçirir

Cənubi Koreya Texasda İES tikintisinə investisiya yatırmağı

Korea Economic Daily nəşrinin hökumətdəki mənbələrə istinadən yaydığı məlumata görə, Cənubi Koreya ABŞ-ın Texas ştatının Ensinal şəhərində mayeləşdirilmiş təbii qazla (YPG) işləyəcək, ümumi dəyəri 19,8 milyard dollar olan kombinə edilmiş tsiklli istilik elektrik stansiyasına (İES) investisiya qoyuluşu imkanlarını qiymətləndirir.

Məlumata əsasən, bu layihə Cənubi Koreyanın ABŞ ilə əldə olunmuş ikitərəfli ticarət sazişi çərçivəsində həyata keçirəcəyi ilk iri investisiya təşəbbüsü ola bilər. Elektrik stansiyasının layihə gücü 6,3 giqavat təşkil edəcək.

Hökumət rəsmilərinin sözlərinə görə, layihənin əsas üstünlüyü yaxınlıqda yerləşən məlumat mərkəzlərini (data center) elektrik enerjisi ilə təmin etməyə hesablanmış sabit biznes modelidir.

Hazırda Cənubi Koreya hökuməti ABŞ Ticarət Nazirliyi ilə yekun məsləhətləşmələr aparır. Gözlənilir ki, layihə artıq gələn ay Koreya–ABŞ Strateji İnvestisiya Komitəsinin müzakirəsinə çıxarılsın, daha sonra isə ABŞ-ın İnvestisiya Komitəsinə təqdim edilsin.

Ticarət sazişinə əsasən, layihənin Cənubi Koreyanın ABŞ-dakı ilk strateji investisiya təşəbbüsü kimi təsdiqlənməsi üçün Prezident Donald Trampın razılığı tələb olunur.

Layihə üçün torpaq sahəsi artıq müəyyən edilib və uzunmüddətli YPG tədarükü müqavilələri bağlanıb. Birinci növbənin kommersiya istismarına 2030-cu ildə başlanılması planlaşdırılır.

Cənubi Koreyanın Sənaye Nazirliyi layihənin nəzərdən keçirildiyini təsdiqləyib, lakin ilk strateji investisiya layihəsi üzrə yekun qərarın hələ qəbul edilmədiyini bildirib.

MONETAR.AZ