Liviya Rusiyaya neft emalı zavodu tikməyi təklif edib

Liviya Rusiyaya neft emalı zavodu tikməyi

Şərqi Liviya hakimiyyəti Rusiya neft şirkətlərinə ölkə ərazisində neft emalı zavodları (NEZ) tikməyi təklif edib. Bu təşəbbüs Liviyada neft hasilatının iyun ayında 2013-cü ildən bəri ilk dəfə gündəlik 1,487 milyon barelə çatması fonunda irəli sürülüb.

Təklif iyulun 29-da Liviya parlamentinin təyin etdiyi hökumətin investisiya naziri Əli əl-Qaydi tərəfindən səsləndirilib.

Analitiklərin fikrincə, Rosneft və LUKOIL belə layihələrin ən potensial iştirakçıları hesab olunur və bu səbəbdən onların səhmləri bazarın təşəbbüsə reaksiyasının əsas indikatorlarından biri kimi qiymətləndirilir.

"Biz Rusiya tərəfinə Liviyada neft emalı zavodlarının tikintisi imkanlarını nəzərdən keçirməyi təklif etdik. Bu NEZ-lər Rusiya tərəfinə neft məhsullarının ticarətini Rusiya Federasiyasından deyil, məhz Liviya ərazisindən həyata keçirməyə imkan verəcək", — deyə Əli əl-Qaydi bildirib.

Belə bir model Rusiya üçün cəlbedici hesab olunur. Çünki Liviya yurisdiksiyası vasitəsilə neft məhsullarının ticarəti Rusiya neft ixracına tətbiq edilən sanksiyaların təsirini müəyyən qədər azaltmağa kömək edə bilər. Liviya isə uzun illər davam edən vətəndaş müharibəsindən sonra enerji sektoruna xarici investisiyaların cəlb edilməsində maraqlıdır. Bununla belə, layihələrin maliyyə şərtləri, investisiya həcmi və planlaşdırılan zavodların istehsal gücü hələ açıqlanmayıb.

Lakin təşəbbüsün reallaşdırılması bir sıra ciddi risklərlə üzləşə bilər. Liviya hələ də iki administrasiya arasında bölünüb: Tripolidə BMT tərəfindən tanınan Əbdülhəmid Dbeyba hökuməti, şərqdə isə faktiki olaraq marşal Xəlifə Haftarın nəzarətində olan administrasiya fəaliyyət göstərir. Bu səbəbdən Tripolinin razılığı olmadan bağlanacaq istənilən sazişin hüquqi statusu qeyri-müəyyən olaraq qalır.

Bundan əlavə, ölkə enerji böhranı yaşayır. İyulun 29-da elektrik enerjisinin kütləvi kəsilməsi səbəbindən Liviyanın müxtəlif bölgələrində etiraz aksiyaları keçirilib.

Rusiyanın Liviyadakı fəaliyyəti də indiyədək məhdud olub. Daha əvvəl Tatneft ölkədə geoloji kəşfiyyat işləri aparsa da, silahlı münaqişələr səbəbindən layihələri dayandırmış, yalnız 2021-ci ildən fəaliyyətini bərpa etmişdi. Hazırda isə Rusiya şirkətlərinin Liviya bazarında genişmiqyaslı fəaliyyəti müşahidə olunmur və təhlükəsizlik riskləri beynəlxalq investorların ölkəyə marağını məhdudlaşdırır.

Ekspertlər hesab edirlər ki, Afrikada daha geniş təcrübəyə malik LUKOIL belə bir layihədə iştirak üçün daha real namizəd hesab oluna bilər. Rosneft isə son illərdə, xüsusilə sanksiya təzyiqlərinin artması fonunda xarici investisiya layihələrində fəaliyyətini məhdudlaşdırıb.

MONETAR.AZ