Tikinti sektorunda "vahid pəncərə" sistemi gündəmdə

Tikinti sektorunda

Tikinti sektorunda statistik hesabatlılığın təkmilləşdirilməsi, məlumatların keyfiyyətinin artırılması və sahibkarların üzləşdiyi inzibati yükün azaldılması istiqamətində yeni addımların atılması zərurəti yaranıb.

Dövlət Statistika Komitəsinin (DSK) aparıcı tikinti şirkətlərinin nümayəndələri ilə keçirdiyi görüş zamanı sektorun statistik uçotunda mövcud çətinliklər və onların aradan qaldırılması yolları müzakirə olunub.

Tikinti sahəsi iqtisadiyyatın ən dinamik istiqamətlərindən biri olmaqla yanaşı, çoxsaylı podrat və subpodrat münasibətləri, dəyişkən qiymətlər və uzunmüddətli layihələr səbəbindən statistik məlumatların toplanması baxımından mürəkkəb sahələrdən hesab olunur.

Sektor nümayəndələrinin diqqətə çatdırdığı əsas məsələlərdən biri subpodratçı zəncirində məlumatların düzgün formalaşdırılması ilə bağlıdır.

Ekspertlər hesab edir ki, böyük tikinti layihələrində çoxsaylı şirkətlərin iştirakı bəzi hallarda iş həcmlərinin təkrar hesablanmasına və ya müəyyən göstəricilərin statistik uçotdan kənarda qalmasına səbəb ola bilər.

Digər mühüm məsələ tikinti materiallarının qiymətlərindəki dəyişikliklərin hesabatlara təsiridir. Armatur, sement, yanacaq və digər əsas materialların qiymətlərində baş verən dalğalanmalar layihələrin fiziki həcmi ilə maliyyə göstəriciləri arasında fərqlər yaradır. Bu isə şirkətlər üçün statistik hesabatların hazırlanmasını çətinləşdirən amillərdən biridir.

Tikinti şirkətləri üçün digər problem müxtəlif dövlət qurumlarına təqdim olunan hesabatların paralelliyidir. Eyni və ya oxşar məlumatların fərqli formatlarda təqdim olunması biznes subyektlərinin əlavə inzibati resurs sərf etməsinə səbəb olur.

Sektorda mövsümi məşğulluğun və podrat müqavilələri əsasında işçi qüvvəsinin geniş yayılması da əmək göstəricilərinin statistik uçotunda müəyyən çətinliklər yaradır. Bundan əlavə, uzunmüddətli tikinti layihələrində tamamlanmamış işlərin mərhələli şəkildə qiymətləndirilməsi ilə bağlı metodoloji yanaşmaların təkmilləşdirilməsinə ehtiyac olduğu vurğulanır.

Ekspertlərin fikrincə, hesabat formalarının sadələşdirilməsi və təkrarlanan məlumatların aradan qaldırılması həm dövlət qurumları, həm də biznes üçün mühüm üstünlüklər yarada bilər.

Belə ki, inzibati yükün azalması şirkətlərin vaxt və maliyyə resurslarına qənaət etməsinə, məlumatların daha operativ və düzgün təqdim olunmasına imkan verə bilər. Daha keyfiyyətli statistik məlumatlar isə ölkədə tikinti sektorunun real vəziyyətinin qiymətləndirilməsi, investisiya proseslərinin təhlili və şəhərsalma siyasətinin daha effektiv qurulması baxımından əhəmiyyətlidir.

Mütəxəssislərin qənaətinə görə, növbəti mərhələdə hesabat sisteminin tam rəqəmsallaşdırılması, dövlət qurumlarının məlumat bazalarının inteqrasiyası və “vahid pəncərə” prinsipinin tətbiqi tikinti sektorunda şəffaflığın artırılmasına və biznes mühitinin yaxşılaşdırılmasına xidmət edə bilər.

Dövlət Statistika Komitəsi ilə özəl sektor arasında aparılan dialoqun davam etdirilməsi statistik məlumatların keyfiyyətinin yüksəldilməsi və sahibkarlıq subyektləri üçün hesabat prosedurlarının sadələşdirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.

MONETAR.AZ