Azərbaycan bank sektorunda mövcud likvidlik imkanları hesabına kreditləşməyə əlavə olaraq 4-6 milyard manat həcmində vəsait yönəldilə bilər.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.
AMB sədri qeyd edib ki, məcburi ehtiyatlar nəzərə alınmadan bank sektorunda izafi likvidlik 6 milyard manat təşkil edir.
“Bizim likvidliklə bağlı bütün tələblərimizə bank sektoru tam riayət edir. Həmin tələblər nəzərə alınmaqla belə, ümumi hesablamalara əsasən bank sektorunun 4-6 milyard manat sərbəst vəsaiti mövcuddur. Banklar bu vəsaitləri həm kapitallaşmaya, həm də kreditləşməyə yönəldə bilərlər”, – deyə T.Kazımov bildirib.
O əlavə edib ki, son dövrdə depozit və kredit faizlərində müəyyən azalma müşahidə olunur. Belə ki, fiziki və hüquqi şəxslərin yeni yerləşdirdiyi depozitlər üzrə faizlər 2023-cü ilin iyun ayı ilə müqayisədə müvafiq olaraq 0,5 və 0,3 faiz bəndi, yeni verilmiş kreditlər üzrə faiz dərəcələri isə aşağı düşüb.
AMB rəhbərinin sözlərinə görə, fiziki şəxslərə verilən kreditlər üzrə faizlər 0,2 faiz bəndi, hüquqi şəxslərə verilən kreditlər üzrə isə 0,3 faiz bəndi azalıb.
Taleh Kazımov bildirib ki, faizlərdəki dəyişiklik Mərkəzi Bankın uçot dərəcəsini azaltması ilə əlaqəlidir. Qeyd olunub ki, 2023-cü ilin iyun ayından etibarən AMB uçot dərəcəsini ümumilikdə 0,75 faiz bəndi aşağı salıb və bu, depozit və kredit faizlərinə təsir göstərib.
AMB sədri vurğulayıb ki, kredit faizlərinin azalma tempi hələ arzuolunan səviyyədə deyil.
“Azərbaycanda bu proseslər ilk dəfə yaşandığı üçün əldə olunan nəticə bizim üçün əhəmiyyətlidir. Kredit faizlərinin daha çox azalmasını istərdik. Lakin faizlərin istənilən səviyyədə dəyişməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin kifayət qədər yüksək olmamasıdır”, – deyə T.Kazımov əlavə edib.
MONETAR.AZ