Bankların sərbəst vəsaiti sürətlə artır: Likvidlik 6 milyard manatı keçdi

Bankların sərbəst vəsaiti sürətlə artır:

Azərbaycan bank sektorunda struktur likvidlik profisiti cari ilin ilk yarısının sonuna 6 milyard manata çatıb.

Mərkəzi Bankın məlumatına görə, bu göstərici ötən ilin dekabr ayı ilə müqayisədə 2,1 dəfə artıb və bankların kreditvermə potensialının yüksək olduğunu göstərir.

Qeyd olunub ki, təminatsız pul bazarında qısamüddətli faizlər Mərkəzi Bankın faiz dəhlizi çərçivəsində formalaşır. AZIR dərəcəsinin orta gündəlik göstəricisi may və iyun aylarında 6,43 faiz, iyul ayının ötən dövründə isə 6,39 faiz təşkil edib.

Likvidliyin idarə olunması məqsədilə əsasən 7 günlük depozit əməliyyatlarından istifadə olunur. İyun ayının sonuna bu əməliyyatların açıq bazar üzrə sterilizasiya portfelində payı 84,3 faiz təşkil edib.

Bununla yanaşı, son üç ayda bütün müddətlər üzrə Mərkəzi Bank notlarının gəlirliliyində, həmçinin gəlirlilik əyrisinin orta və uzunmüddətli hissələrində azalma müşahidə olunub. Eyni zamanda, manatla yeni cəlb olunmuş müddətli depozit və əmanətlər üzrə faiz dərəcələri də ötən ilin iyul ayı ilə müqayisədə aşağı düşüb.

MONETAR.AZ