Nağd valyuta bazarında dolları əsasən fiziki şəxslər satır

Nağd valyuta bazarında dolları

Azərbaycanda nağd valyuta bazarında ABŞ dollarının əsas satıcıları fiziki şəxslərdir.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.

AMB rəhbəri qeyd edib ki, son illərdə əmanətlərin dollarlaşma səviyyəsində ciddi azalma müşahidə olunur. Belə ki, 2021-ci ildə Azərbaycanda əmanətlərin dollarlaşması 60 faizdən çox olduğu halda, hazırda bu göstərici 25 faizə enib.

“Yəni təxminən 30 faiz bəndi azalma baş verib. Digər tərəfdən, xüsusilə manatla olan əmanətlərdə artım müşahidə edilir”, – deyə Taleh Kazımov bildirib.

Onun sözlərinə görə, nağd valyuta bazarında dollar satışlarının böyük hissəsi fiziki şəxslərin payına düşür. Bəzi ekspertlərin bunu əhalinin real gəlirlərinin azalması ilə əlaqələndirdiyini qeyd edən AMB sədri bildirib ki, bu, mümkün izahlardan yalnız biridir.

“Biz eyni zamanda başqa tendensiyanı da müşahidə edirik. Həm nağd valyuta bazarında əhali valyuta satır, həm də əvvəlki illərlə müqayisədə manat əmanətlərində əhəmiyyətli artım var”, – deyə o vurğulayıb.

T.Kazımov bildirib ki, unikal əmanətçilərin sayı da artıb. Əgər 2024-cü ilin əvvəlində bu göstərici 113,9 min nəfər idisə, 2026-cı ilin iyun ayının sonuna 220 min nəfərə çatıb.

AMB sədri qeyd edib ki, təxminən iki il yarım ərzində unikal əmanətçilərin sayı iki dəfəyə yaxın artıb.

Valyuta bazarındakı vəziyyətə toxunan T.Kazımov bildirib ki, idxal həcminin azalması da valyutaya olan tələbin aşağı düşməsinə təsir edən amillərdən biridir.

“Valyuta bazarında baş verən proseslərə bir neçə amil təsir edir. Bunlardan biri də idxalın azalması nəticəsində xarici valyutaya tələbin zəifləməsidir”, – deyə AMB sədri əlavə edib.

MONETAR.AZ