Qarabağın əsas nəqliyyat layihələrindən biri olan Ağdam-Xankəndi dəmir yolu xəttinin tikintisi davam edir.
"Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib ki, layihə üzrə layihələndirmə işlərinin 90 faizi, tikinti işlərinin isə təxminən 44 faizi başa çatdırılıb.
Məlumata görə, ümumi uzunluğu 30,8 kilometr olan dəmir yolu xətti boyunca 130 mühəndis qurğusunun tikintisi nəzərdə tutulur. Bunlara 6 körpü, 5 avtomobil alt keçidi, 2 piyada keçidi və 47 ehtiyat keçid, həmçinin digər mühəndis qurğuları daxildir.
Qeyd olunub ki, layihə çərçivəsində inşa ediləcək Əsgəran və Xocalı dəmir yolu stansiyalarının konsept layihələri artıq tamamlanıb.
Bununla yanaşı, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin tikintisi də sürətlə davam etdirilir.
Ağdam-Xankəndi dəmir yolu xəttinin istifadəyə verilməsi regionun nəqliyyat infrastrukturunun genişləndirilməsinə, sərnişin və yükdaşımaların səmərəliliyinin artırılmasına, həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkənin ümumi dəmir yolu şəbəkəsinə inteqrasiyasına töhfə verəcək.
MONETAR.AZ