İyulun 30-dan etibarən Bakının Biləcəri qəsəbəsində yol təmiri işləri ilə əlaqədar Asəf Zeynallı küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məhdudiyyətlərlə əlaqədar təmir-bərpa işləri başa çatanadək 92 və 202 nömrəli avtobus marşrutlarının hərəkət sxemində müvəqqəti dəyişiklik ediləcək.
Belə ki, 202 nömrəli marşrutun son dayanacağı müvəqqəti olaraq Asəf Zeynallı küçəsində yerləşən 94 nömrəli transformator yarımstansiyasının yaxınlığına köçürüləcək.
92 nömrəli marşrutun avtobusları isə Asəf Zeynallı, Yurd Yeri, Maralan və Yaşar Sadıqov küçələri ilə alternativ hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.
AYNA sərnişinlərə səfərlərini planlaşdırarkən bu dəyişiklikləri nəzərə almağı tövsiyə edib.