Qlobal mineral istehsalında Çin lider olub. Ölkə il ərzində 5,3 milyard ton mineral hasil edərək dünya istehsalının 26,9 faizini təmin edib.
Monetar.az xəbər verir ki, araşdırmada metal filizləri, sənaye mineralları, eləcə də kömür, xam neft və təbii qaz kimi mineral yanacaqlar nəzərə alınıb.
Çinin yüksək göstəricisində əsas pay kömür hasilatının üzərinə düşüb. Ölkə 2025-ci ildə təxminən 4,8 milyard ton kömür istehsal edib.
Reytinqdə ikinci yeri 2,4 milyard ton istehsalla ABŞ tutub. Bu göstərici qlobal mineral istehsalının 12,1 faizinə bərabərdir. ABŞ-ın nəticələrində xam neft və təbii qaz hasilatı mühüm rol oynayıb.
İlk beşliyə həmçinin Rusiya, Hindistan və Avstraliya daxil olub. Rusiya yanacaq ehtiyatları, qızıl və digər metalların istehsalı ilə seçilir. Hindistan dünyanın ən böyük kömür istehsalçılarından biridir, Avstraliya isə boksit, dəmir filizi və litium hasilatında lider mövqeyə malikdir.
Ən böyük mineral istehsalçıları siyahısında Səudiyyə Ərəbistanı, İran, Kanada, İndoneziya və Braziliya da yer alıb. Türkiyə isə 144,4 milyon ton istehsalla 20-ci sırada qərarlaşıb.
Regional göstəricilərə görə, Asiya-Sakit okean regionu 2024-cü ildə dünya mineral istehsalının 50,3 faizini təmin edib. Şimali Amerika 15,9 faiz, Avropa 12 faiz, Yaxın Şərq isə 11,6 faiz paya sahib olub.
Məlumata görə, qlobal mineral istehsalı əsasən az sayda ölkədə cəmləşib. İlk 25 ölkə dünya üzrə ümumi mineral hasilatının təxminən 90 faizini təşkil edib. Bu konsentrasiya enerji, tikinti və sənaye sahələrində əsas xammal təchizatında həmin ölkələrin rolunu artırır.